17 yaşlı vokalistimizin uğuru – VİDEO

13 May 2014 08:35 (UTC+04:00)
Onun mahnısının sədası BBC1, Jango, iHeart Radio əcnəbi radio stansiyalarından gəlir.

Azərbaycanlı 17 yaşlı vokalist dünya arenasında yeni uğura imza atıb.

Mart ayının 31-də 17 yaşlı istedadlı müğənni Emin Eminzadə debüt mahnısının təqdimatını edib. Eminin yeni mahnısı ingilis dilində və yeni üslubdadır.

Oxu.Az xəbər verir ki, mahnının sözləri Emin Eminzadə və Fuad Əlizadəyə, musiqisi isə Eminə aiddir. Mahnını Nyu-Yorkda yerləşən məşhur "Sinima Production" şirkəti aranjiman edib.

Qeyd edək ki, "Sinima Production" şirkəti Yanq Bak, Devid Faustino, Snup Doq, Bruno Mars və bir çox məşhurlar ilə əməkdaşlıq edib.

Eminin yeni mahnısı "Bubble Dreams" Youtube-da qısa müddət ərzində minlərlə tamaşaçı tərəfindən izlənilib və xarici radio stansiyalarda (BBC1, Jango, iHeart Radio və s.) səsləndirilib. Həmçinin "iTunes" və "Amazon Online" mağazalarında yerləşdirilib.

Ən maraqlısı da budur ki, Eminin yeni mahnısı Youtube-da dünyada məşhur olan "VEVO" kanalında yerləşdirilib və E.Eminzadənin adına yeni "VEVO" kanalı açılıb.

Xatırladaq ki, "VEVO" kanalları dünyaca məşhur ulduzların adına səhifə açıb. Ən sevindirici hal odur ki, 17 yaşlı ifaçı E.Eminzadə "VEVO" kanalı olan ilk azərbaycanlı müğənnidir.

Onu da qeyd edək ki, Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında 3 dəfə Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb. Eminin ən böyük uğurlarından biri də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təsisçisi olduğu "Baku" jurnalının mart-aprel nömrəsində gənc istedadın sənətinə verilən yüksək qiymətin təzahürü olaraq 6 səhifəlik "Лестница в небо" ("Səmaya pillələr") başlığı altında məqalə dərc olunmasıdır.

AzNews.az