Erkin Qədirliyə qadağa qoyuldu

13 May 2014 10:38 (UTC+04:00)
May ayının 12-də Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda partiyalaşmayla bağlı məsələlərlə yanaşı, REAL Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub.

AzNews.az xəbər verir ki, həmçinin qeyd olunub ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də, təklif olunub ki, Erkin Qədirli REAL Hərəkatının Məclis Başkanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın. Bu təklif REAL Hərəkatının İdarə Heyətinin Sədri, İlqar Məmmədova da öncədən göndərilib. İlqar Məmmədov həbsdə olduğundan İdarə Heyətinin müzakirələrində və səsverməlirində iştirak edə bilmir. Amma bu məsələylə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb. İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərara alıb:

1. Erkin Qədirli Məclis Başkanı vəzifəsindən azad edilsin.

2. Erkin Qədirli İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirsin, amma onun İdarə Heyətində səs vermək, eləcə də REAL Hərəkatının fəaliyyətilə bağlı kütləvi informasiya vasitəlirinə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın.

3. İdarə Heyəti REAL Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır ku, Hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə zidd hərəkətləri edən heç bir üzvünə güzəştə getməyəcək. REAL Hərəkatı demokratiya uğrunda çalışan və özündə demokratiyanı yaşadan siyasi təşkilatdır və şəxsi nüfuzundan asılı olmayaraq bütün üzvlərimiz demokratik dəyərlərə hörmət etməli və onlara sadiq qalmalıdır.

REAL Hərəkatı yarandığı ilk gündən ölkədə həqiqi Cümhuriyyətin bərpasına, insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin bərqərar olmasına, Avroatlantik məkanın bölüşdüyü fundamental bəşəri dəyərlərin cəmiyyətdə təbliğinə əzmlə çalışmış, fəaliyyətinin bütün istiqamətlərini məhz bu dəyərlər üzərində qurmuşdur. Hərəkatın rəsmi mövqeyini ifade edən proqram sənədlərində bütün bu prinsiplər öz əksini hərtərəfli şəkildə tapmışdır. REAL Hərəkatı İlk gündən kollektiv kimlik, kollektiv idarəetmə prinsiplərini ölkə siyasətinə gətirməyə və bu qavramların siyasi dilə oturmasına çalışmışdır. Bir daha bəyan edirik ki, yanlız REAL İdarə Heyəti adından yayılan bəyanatlar, sənədlər, açıqlamalar Hərəkatımızın rəsmi mövqeyi sayılmalıdır.

AzNews.az