Heydər Əliyev təntənə ilə yad edildi – Həştərxanda (YEKUN)

13 May 2014 11:13 (UTC+04:00)
Məlum olduğu kimi, mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə əlaqədar Rusiyanın Həştərxan Vilayətində keçirilən mərasimlərdə iştirak etmək üçün Azərbaycan Prezidentinin Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti Həştərxana səfərə gedib.

Bu tədbirə Həştərxanın eyniadlı rayonu ilə qardaşlaşmış Bakının Nərimanov rayonunun İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev də qatılıb. Mərasimlərdə həmçinin Azərbaycandan Milli Məclisin deputatları, dövlət adamları, incəsənət xadimləri və mətbuat nümayəndələri iştirak edib.

Mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə əlaqədar Rusiyanın Həştərxan Vilayətində bir sıra tədbirlər keçirilib.

AzNews.az-ın məlumatına görə, səfərin ilk günü Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla vilayətin qubernatoru Aleksandr Jilkin arasında görüş də keçirilib.

A. Jilkin Həştərxan Vilayəti ilə Azərbaycan hökumətinin bir çox sahələrdəki əməkdaşlığını təqdir edib və bu əlaqələrin yüksək olduğunu deyib. A.Jilkin ümid etdiyini bildirib ki, bu il Həştərxanda Azərbaycan, növbəti il isə analoji tədbirin Bakıda keçirilməsi reallaşacaq.

Qubernatorun sözlərinə görə, artıq Həştərxandakı ali məktəblərin birində Azərbaycan dilinin tədrisinə başlanılacaq, həmçinin, birgə televiziya verilişlərinin hazırlanması da həyata keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənov isə isti qəbula və qonaqpərvərliyə görə, vilayət rəhbərliyinə təşəkkürünü bildirib.

Ə. Həsənov qeyd edib ki, artıq əlaqələr adət halını alıb və son 3 ildə Azərbaycandan Həştərxana 6 dəfə rəsmi nümayəndə heyəti səfər edib. Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına da toxunan Ə. Həsənov deyib ki, Həştərxanla olan münasibətlər Rusiyanın digər vilayətləri üçün nümunə olmalıdır.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti və vilayətin rəhbərliyi Heydər Əliyevin abidəsini ziyarət edərək, onun önünə gül dəstələri qoyublar.

Həmçinin, "Arzu" ("Meçta") uşaq-əyləncə mərkəzi ilə tanış olan təbdir iştirakçıları, Heydər Əliyevin adını daşıyan 11 saylı orta ümumtəhsil məktəbində keçirilən mərasimə qatılıblar.

Azərbaycandan gedən nümayəndə heyətinin iştirakı ilə bu gün Həştərxan şəhərindəki Heydər Əliyev adına orta ümumtəhsil məktəbində ümummilli liderin anadan olmasının 91 illiyi ilə bağlı müsabiqənin yekunlarına həsr olunan tədbir keçirilib.

Müsabiqədə "Şeir yaradıcılığı", "Ailə portireti", "Musiqi yaradıcılığı", "Vernisaj", "Mənim kitabım" və "Mənim filmim" nominasiyaları üzrə yüksək nəticə ilə fərqlənən şagird və müəllimlər mükafatlandırılıb. 1-ci və 2-ci yerləri tutan 9 şagirdə diplom və hədiyyələr verilib.

Bundan başqa fərqlənən 10 məktəbli, o cümlədən 5 müəllimə Heydər Əliyev Fondu tərəfindən təqaüdə layiq görülüblər.

Həştərxan Flarmoniyasında isə bu münasibətlə təntənəli mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan vilayətin qubernatoru Aleksandr Jilkin bildirib ki, Heydər Əliyev Fondunun fəaliyyəti regionun sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verir.

O, Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və ümumiyyətlə Azərbaycan hökumətinə Həştərxanda həyata keçirilən layihələrin dəstəyinə görə minnətdarlığını bildirib. O, əmin olduğunu bildirib ki, qarşıda xalqlarımızın rifahına yönələn hələ çox layihələr var.

Daha sonra çıxış edən Azərbaycan Prezident Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ümummilli liderin həyatından söz açıb. Onun qurucusu olduğu Azərbaycanın indiki ölkə başçısı İlham Əliyevin əzmkarlığı ilə sürətlə inkişaf etdiyini dilə gətirən şöbə müdiri, bu inkişafın prioritet istiqamətlərinə də toxunub.

Ə. Həsənov həmçinin Azərbaycan-Rusiya münasibətlərindən, iki ölkənin əməkdaşlığından və dostluğundan məmnunluğunu ifadə edib. Əli Həsənov bildirib ki, bu gün Azərbaycan-Rusiya münasibətləri inkişafdadır və iki ölkənin maraqlarına tam cavab verir: "Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərirlər, ticarət və iqtisadi, siyasi və mədəni sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərliyinin birgə səyləri sayəsində Azərbaycan-Rusiya münasibətləri 21-ci əsrin əvvəllərində strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezidentlər İlham Əliyev və Vladimir Putin səviyyəsində siyasi əlaqələrin yüksək dərəcəsi, dövlətlərarası əlaqələrdə mühüm amildir".

Əli Həsənov deyib ki,Azərbaycan Rusiya ilə bütövlükdə əməkdaşlıq edərək, onun ayrı-ayrı subyektləri ilə də birbaşa əlaqələr qurur:
"Bu gün Azərbaycanın Həştərxanla münasibətləri yüksələn xətlə inkişaf edir. Əminliklə demək olar ki, Azərbaycanın Həştərxanla faydalı əməkdaşlığı Rusiyanın digər subyektlərinə nümunə ola bilər".

Əli Həsənov Fondun Rusiya nümayəndəliyi, xüsusən onun rəhbəri Leyla Əliyevanın da fəaliyyətinə toxunub. Onun sözlərinə görə, Leyla Əliyevanın fəaliyyəti, gerçəkləşdirdiyi iri miqyaslı layihələr Rusiya-Azərbaycan münasibətlərində ayrıca bir xətdir.

Çıxışlardan sonra II Dünya müharibəsi veteranına və Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan nümayəndəliyinin gənc fəalına hədiyyələr verilib. Tədbir konsert proqramı ilə davam etdirilib.


AzNews.az