Vüsal Şilderin işinə görə polis mayoruna 8 il həbs – Məhkəmə

15 May 2014 11:35 (UTC+04:00)
Binəqədi Rayon Məhkəməsində ötən il Bakıda qətlə yetirilən Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyətcə azərbaycanlı Vüsal Şilderin öldürülməsindən əvvəl avtomobilinə narkotik vasitə ataraq polis bölməsinə aparıb şərləməkdə təqsirli bilinən polis mayoru Məmmədov İlham Zahid oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzNews.az-ın məlumatına görə, prosesdə zərərçəkən tərəfin nümayəndəsi, Vüsal Şilderin atası Adolf Şilder çıxış edib. A. Şilder oğlunun qətlində günahı olan və bu prosesdə iştirak edən şəxslərin ifşa edilməsində medianın fəallıq nümayiş etdirmədiyini deyərək, KİV-ləri qınayıb. O, məhkəmə istintaqının bu epizodu üzrə təqsirləndirilənlərlə bağlı ədalətli hökm veriləcəyinə ümid etdiyini də qeyd edib. Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror İ. Məmmədovun məhkəmə istintaqı zamanı cinayətinin sübuta yetirildiyini əsas gətirərək, təqsirləndirilən şəxsinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısının bu qərarından sonra isə bəlli olur ki, məhkəmə rəhbərliyi ilə sövdələşməyə gedərək, təqsirləndirlən şəxsin cəzadan yayındırılması məsələnin ictimailəşdirilməsindən sonra baş tutmayıb. Belə demək mümkünsə rayon məhkəməsinin sədri Sədrəddin Hacıyev niyyətinə çata bilməyib.

Xatırladaq ki, cinayətkarların layiqli cəza almaması üçün Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin də cənfaşanlığı diqqətdən yayınmayıb. Qeyd olunan məhkəmə prosesi zamanı zərərçəkənlərə qarşı ayrı-seçkilik, əvəzində isə təqsirləndirilən şəxsin təhlükəsizliyinin Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qorunması, hakim Rəşad Əliyevin müttəhim İlham Məmmədova "müəllim" deyə müraciət edilməsi, jurnalistlərin prosesdə iştirakına maneə yaradılması bu qənaətə gəlməyə əsas verir. Məhkəmənin növbəti iclası isə mayın 23-də keçiriləcək.

Qeyd edək ki, Almaniya vətəndaşı Vüsal Adolf Şilder 2013-cü ilin mayın 2-də Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq qətlə yetirilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.

Hazırda cinayətlə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq davam etdirilir.

AzNews.az