“Oxuduğum kitabların adı yadımda deyil”

15 May 2014 15:47 (UTC+04:00)
AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin budəfəki qonaqları müğənni Elmira Ələkbərzadə, Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev və "N-Brothers" qrupunun rəhbəri Namiq Qafarovdur.

Xarici yazarların əsərləri ilə də maraqlandığını deyən müğənni Elmira Ələkbərzadə fransız yazıçısı Emil Zolyanın vurğunu olduğunu söyləyib. O, bizimlə söhbətində E. Zolyanın "Straniça lyubvi" əsərindən danışıb: "Emil Zolya ən sevdiyim yazıçıdır. "Stranica lyubvi" isə çox gözəl əsərdir. Burada tənha qadının həyatından bəhs olunur. Əsəri oxuduqca, sanki özünü o qadının yerində təsəvvür edirsən, onun həyatını yaşayırsan".

Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev isə sonuncu dəfə Nizami Gəncəvini oxuduğunu bildirib: "Sonuncu dəfə, yəni haradasa bir ay əvvəl Nizami Gəncəvini bir daha oxudum. Onu oxuyandan sonra bir daha əmin oldum ki, Nizamini daha dərindən anlamaq üçün fars dilini bilmək lazımdır. Təəssüf ki, mən də fars dilini bilmirəm".

"N-Brothers" qrupunun rəhbəri Namiq Qafarov isə səmimi etiraf edib: "Ümumiyyətlə, son zamanlar mütaliə edə bilmirəm. Yalan demək istəmirəm. Son zamanlar kitab oxumuram. Əvəllər oxumuşam, amma onların da adı yadımda deyil".

Bahar Rüstəmli
AzNews.az