Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılacaq- Fərman

15 May 2014 18:48 (UTC+04:00)
Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Sənəddə bildirilir ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir: "Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir".

Fərman multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyəti nəzərə alınaraq imzalanıb.

Sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xərclər smetasını və ştat cədvəlini, işçilərinin say həddini, icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin binasının tikilməsi barədə təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etmək həvalə edilib.

AzNews.az