Döyülən fəhlə: “Dedilər ki, kəlləndə nə yumruq yeri var” – VİDEO

16 May 2014 13:02 (UTC+04:00)
Paytaxtın Binəqədi rayonu ərazisində döyülmə faktı baş verib.

Hadisə "Fatmayi bağlar" massivində qeydə alınıb. Mübahisə zamanı həmin ünvanda fərdi ev tikintisində fəhlə kimi işləyən 45 yaşlı Bahadur Həsənovla özlərini Binəqədi rayon İcra hakimiyyətinin və 4-cü polis bölməsinin əməkdaşları kimi təqdim edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və Bahadur Həsənov həmin şəxslər tərəfindən döyülüb. Bahadur Həsənovun sözlərinə görə, tikintinin aparıldığı əraziyə gələn şəxslər fəhlələrdən işlərin dayandırılmasını tələb ediblər.

Zərərçəkənin sözlərinə görə, adıçəkilən qurumların nümayəndələri ondan tikintini dayandırmağı tələb ediblər. "Dedilər tikintini dayandır. Dedim yaxşı. Dedilər ki, nə yumruq vurulmalı başın var. Dedim vura bilirsən gəl vur. Düşdülər üstümə."

B.Həsənov yaralı vəziyyətdə həmin şəxslər tərəfindən 4-cü polis bölməsinə aparılıb və bir neçə saat orada saxlanılıb. Həsənov deyir ki, bölmədə olduğu vaxt ərzində nə ondan bir izahat alan olub, nə də ki, vəziyyət ilə maraqlanan. Hətta bölmənin işçiləri ona tibbi yardım belə göstərilməsinə imkan verməyib.

Həsənovun vəziyyəti getdikcə daha da pisləşdiyindən yaxınlarının təkidi ilə o, 1 saylı şəhər klinik xəstəxanasina göndərilib.

Həkim Seymur Abdullayevins özlərinə görə, zərərçəkən qarının küt travması və barmağın əziliməsi diaqnozu ilə xəstəxanaya daxil olub, vəziyyəti stabildir. Sonrakı müalicəsini davam etdirmək üçün xəstə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Baş verən hadisə ilə bağlı 4-cü polis bölməsindən bildirdilər ki, həqiqətən fəhlələr və Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları arasında qarşıdurma qeydə alınıb. Maraqlı burasındadır ki, işi araşdıran bölmənin təhqiqatçısı Fədail Mövsümov hadisə zamanı xəsarət alan fəhlənin izahatının alındığını və şikayət ərizəsinin də qəbul olunduğunu deyib.

Bundan başqa, İcra hakimiyyətinin işçilərindən biri də polisə şikayət ərizəsi ilə müraciət edib və fəhlələr tərəfindən fiziki təzyiqə məruz qaldığını, xəsarət aldığını bildirib. Təhqiqatçının sözlərinə görə, ilkin araşdırmalardan sonra yekun qərar qəbul olunması və hadisəyə hüquqi qiymət verilməsi üçün materiallar Binəqədi rayon prokurorluğuna göndəriləcək.