Xocalı soyqırımı Hollandiya parlamentinə çıxarıla bilər

16 May 2014 13:49 (UTC+04:00)
Niderlanda yaşayan həmyerlimiz, Niderland Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov Niderland parlamentinin üzvü Mixel Servaeslə (Michiel Servaes) görüşüb. Bu barədə fikirlərini AzNews.az-la bölüçən Vüqar Abbasov görüşün olduqca yüksək səviyyədə keçdiyini bildirib: "Görüş müsahibə almaq məqsədi ilə keçirildi. Ancaq orda həm də Azərbaycan torpaqlarının ermənilər tərəfdən işğalda olması, Xocalı hadisələri və s. barədə müzakirələrimiz oldu. Mən cənab Servaesə bütün bu problemlərin Rusiya tərəfdən yaradıldığını bildirdim və istər onun, istərsə də digər avropalı siyasətçilərin tarixə yaxşı nəzər salmalarının lazım olduğuna diqqət çəkdim. Qeyd etdim ki, necə ki, Ukraynada, Gürcüstanda, Moldaviyada baş verənlər Rusiyanın işğalçılıq siyasəti kimi dəyərləndirilir, eləcə də Azərbaycan ərazilərinin işğalına da o cür baxmaq lazımdır".

V.Abbas millət vəkilinin diqqətinə onu da çatdırıb ki, Ermənistan hər zaman Rusiyanın təsiri altında olub və bu gün də belədir "Misal olaraq martın 27-də Ermənistan BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımdakı referendumu tanımamaqla bağlı irəli sürdüyü qətnamənin əleyhinə, Azərbaycanın isə leyhinə səs verməsini göstərdim. Xocalı hadisələrinin Niderland parlamentində müzakirə olunması və digər bu kimi məsələlər də görüş zamanı müzakirə olundu. Bu yaxınlarda mətbuata daha ətraflı məlumat verəcəm və aldığım müsahibəni oxuduqda da söhbətimiz barədə geniş bilgi almış olacaqsız" – deyə həmyerlimiz əlavə edib. Müsahibə yaxın günlərdə həm Azərbaycan, həm də Niderland mətbuatında yayımlanacaq.

Elnur Eltürk