Soma mədəninin sahibi faciənin əsl səbəbini açıqladı

17 May 2014 09:40 (UTC+04:00)
Türkiyənin Manisa vilayətinin Soma bölgəsində mədəndə baş verən faciənin səbəbləri haqda müəssisə sahibi və idarəçilər ilk dəfə mediaya açıqlama veriblər.

AzNews.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, mədənin sahibi Alp Gürkan və idarəçilər baş verən qəzada laqeydlik iradı ilə razılaşmadıqlarını desələr də, itkilərin çox olmasının səbəbini açıqlayıblar.

A.Gürkan deyib ki, mədəndə "təhlükəsizlik otaqları"nın olmaması itkilərin sayını artırıb. Sahibkar açıqlama zamanı göz yaşlarını saxlaya bilməyib: "Canım yanır, içim yanır. Çərşənbə axşamı mədəndən gələn xəbərə inana bilmədim. Qəzanı anlamaqda çətinlik çəkirəm".

Xatırladaq ki, Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki mədən faciəsi nəticəsində ölənlərin sayı 298-ə çatıb.

Aydan Axundova
AzNews.az