Psixoloq: “Animasiya filmləri uşaqların dünyasını alt-üst edə bilər”

4 Sentyabr 2012 18:01 (UTC+04:00)


Sosial-psixoloq Naib Niftəliyevin AzNews.az-a müsahibəsi:

- Son vaxtlar xarici şirkətlərin istehsal etdikləri animasiya filmlərinin uşaq psixologiyasına mənfi təsiri mətbuat səhifələrindən düşmür. Mütəxəssislər belə filmlərin nümayişinin dayanması üçün həyəcan təbili çalırlar...


- Bu həqiqətdir. Amma animasiya filmlərinin üstün cəhətləri də var. Ən azı ona görə ki, Amerikanın istehsalı olan animasiya filmlərində müəyyən mənada dinamika var. Təbii ki, bunlar texnika ilə əlaqədardır. Əslində dünya bunun üstündə qurulub. Uşaq müəyyən mənada yaranmış gərginliyi hiss etməlidir. "Şrek" filimdə olduğu kimi adam yeyən bir obrazın canlı şəkildə təqdim olunması, sonradan müsbət obraza çevrilməsi, hər halda tamaşaçıya aydın deyil. Ümumiyyətlə, animasiya filmləri telekanallarda mümkün qədər yayımlanmasa yaxşıdır. Çünki bu uşaq psixologiyasına mənfi təsir edir. Yaxşı olar ki, uşaqlar animasiya filmlərinə 3-7 yaşında deyil, 8-10 yaşında baxsınlar. O vaxta qədər başa düşsün ki, bu, real dünya deyil. Mən çox istərdim ki, məktəblərdə və bağçalarda psixoloq ştatları olsun. Bu gün real psixoloqun işinin nəticəsi bir qədər aşağıdır. Yaradıcılıq effekti düzgün çatdırılmır. Çox adam bunu neçə qarşılanmasını belə başa düşmür. Bu gün ən acınacaqlı hal uşaqların böyük əksəriyyətinin əcnəbilərin istehsalı olan animasiya filmlərinin qəhrəmanları kimi davranmaq istəməsidir. Hansı bağçaya, hansı məktəbə getsən, 10 uşaqdan 8-i eyni mahnını əzbər bilir. Bu, getdikcə dəbə yaxınlaşır. Bəzən də valideynlər bununla qurur duyur. Amma heç bir valideyn bunun sonradan necə ciddi problemə çevrildiyini başa düşmür. Odur ki, telekanallara psixoloq məsləhəti: belə filmləri yayımlamayın. Uşaqlar qorxulu heyvanlardan bəhs edən animasiya filmlərinə baxanda dünyaları alt-üst ola bilər. Bəlkə də dəhşətli bir xəstəliyin bünövrəsini qoya bilərlər.

- Deyilənə görə, psixoloqlarla ünsiyyətdə uşaqlarda qorxu yaranır. Belə hallar mümkündür?

- Bəli, belə hallar var. Psixoloqlarda belə bir qanun var. Onlar nə edirlərsə etsinlər, müəyyən mənada "uşağa təsir göstərmək lazımdır" prinsipini əsas tuturlar. Halbuki uşaqlarla münasibətdə bir qədər dözümlü olmaq lazımdır. Bir halda ki, xəstə özünə kömək edə bilmir, psixoloq nə edə bilər? Amma bir həqiqət də var ki, psixoloqlar uşaqlara müştəri kimi yanaşırlar. Deyirlər ki, uşaq qəbulumuza nə qədər çox gəlib-getsə, pulumuz bir o qədər çox olar. Bu bizim peşə etikamıza ziddir. Neqativ yanaşmadır. Belə adamlar uşaqlarla işləyə bilməz. Uşaq psixologiyası ona yad olacaq.

- Ümumiyyətlə, valideynlər psixoloqlara ən çox nəyə və hansı xəstəliyə görə müraciət edirlər?

- Əsasən yeni doğulan körpələrlə bağlı müraciətlər çox olur. Valideynlər uşağı necə tutacaqlarını bilmir. Yəni, bu iş də qadın psixoloqlarının üzərinə düşür. Psixoloqlarla müzakirədə bu məsələ özünü sÜbut edir.

- Edilən müraciətlərdə anonimlik necə, qorunurmu?

- Əlbəttə. İstənilən mənada anonimlik qorunmalıdır. Ola bilər ki, psixoloqlar edilən müraciətlərin hər hansının üzərində dayansın, problemlə bağlı müzakirə aparsın, amma onun kimliyini açmağa ixtiyarımız yoxdur. Bu həkimlərdə də belədir.

-Ailədə valideyn-uşaq münasibəti necə formalaşmalıdır?

- Valideynlik kompleksi şüuraltı formalaşır. Bir ailə qalmaqallıdırsa, orada doğulan uşaq mütləq zədə alır. Yaşa dolduqca o, uşaq özünü cəmiyyətdə tapa bilməyəcək. Ailədə sıxıntıya məruz qalan uşaqlarda da belədir: onlar da cəmiyyətə özünü tapa bilmir. Belə ailələrdə doğulan və böyüyən uşaqlar nə vaxtsa cinayətkara çevrilir. Çünki uşaq bu mühit altında böyüyür.


Bahar Rüstəmli
AzNews.az