Deməyək ki, qoca Sabir…

20 May 2014 11:23 (UTC+04:00)
Həyat bir andır. Onu əvvəlcə qaralamada yaşamaq, sonra isə ağlamaya köçürmək olmur.

Yaşamağın nə qədər çətin olduğunu mütəfəkkirlər bu sadə fikirlərlə elə izah edir ki. Ömür isə bu anın içində uzanan yoldur. Hər kəs əməli, amalı, məramı ilə bu yola iz salır. Uzanan yollar, ağaran izlər içində sarbanı ədəbiyyat olan Sabir Rüstəmxanlı "Karvan"ı keçir. Yardımlının Hamarkəndindən səfərə çıxan "Karvan"ın yolu heç də həmişə hamar olmadı-sonsuz savaşım kimi.

Gül yolu, çiçək yolu,
Göz yolu, ürək yolu
Var olmağın tək yolu
Sonsuz savaşımdadır.

Çovğuna, borana, qara da düşdü. Daş-kəsəkli boz səhralar ilhamını korşaltmadı,sürüşkən dağlarda addımları möhkəmləndi, sərt qayalar mətin etdi. Bu minvalla "Zaman məndən keçdi" deyibən 68 illlik bir "Ömür kitabı" yazıldı. Hər misrası, xalqına, yurduna, türk dünyasına sevgi, sayğı və səmimiyyətdən yoğrulan əsərlər. Çünki şüar söz deyil, sözün ölümüdür fəlsəfəsi ilə yanaşır yaradıcılığa Sabir Rüstəmxanlı. Söz tanrıya bağlananda işıqdır, əbədiyyətdir, baldır, iblisin dilinə düşəndə zülmətdir, şərdir, zəhərdir-deyən Xalq şairi yaradıcılıq boyu özünü və sözünü qorudu, uca tutdu. Dövlət kimə qayğı göstərirsə, millət də ona qayğı göstərir söyləyən Sabir Rüstəmxanlı özü sədaqəti, etibarı ilə nümunə olmağı bacarıb. Müasir ədəbiyyatda bir-birinə yarınma "dəbi" ilə ayaqlaşmayıb Xalq şairi. Dünyadan köçən, böyük titulları olmayan şairlərin kitablarına sevgi ilə ön söz yazıb. Vaxtın –zamanın azlığını bəhanə gətirməyib bəziləri kimi. Dəyərli ziyalımız Sona Vəliyevanın təbirincə desək hər könüldə ev qurmaq hər şairə nəsib olmur, amma Sabir bəy bunu bacardı. Hələ sovet dönəmində cəsarəti ilə seçilən şairin haqq çağlayan sədası ötən əsrin 90-cı illərində başlayan azadlıq hərakatı zamanı meydanlarda gurladı. Azadlıq mücaidlərinə ilham verdi, mübarizlik əzmi aşıladı. Əhmədbəy Ağaoğlu yazırdı ki, əsl hünər sərbəst insanları idarə etməkdir. Əsl ədəbiyyat, əsl söz də azadlıq uğrunda çarpışanların könlünü riqqətə gətirməkdir. Onu heç vaxt unutdurmayacaq abidələr yaratdığı doğma dilinə isə misralardan qala qurub "Sağ ol,"deyir Rüstəmxanlı.

Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam

Harda bircə kəlmə sözü yaşayır, oranı halalca yurdu sanan xalq şairi milyonlarla könüllərdə qurduğu yuvadan xəbərdardımı?

Şairin doğum günü ilə əlaqədar təşkil edilən tədbirdə fikrim bu sualla məşğul idi. Bu tədbir bir qədər fərqli idi. Əvvəla, mərasimi qızı Aydan təşkil etmişdi. Atamın ruhu gəncdir söyləyən Aydan onun doğum gününə gəncləri-dostlarını dəvət etmişdi. Tam səmimiyyətlə deyirəm ki, gəncliyin Sabir Rüstəmxanlı sevgisi qəlbimi kövrəltdi. Zarafatyana, Qoca Sabir, xitab edənlər, sonra şairin öz sözü ilə "Nə çəkdiyimi bilməyənlər, deyir Sabir tez qocalıb" cavabını verdilər. Sözlərinə yazılmış mahnılar da səsləndi. Mənsə ona baxırdım...

Sağ tərəfində sevgi dolu, parlayan gözlərini 2 saatdan çox davam edən tədbir boyu ondan çəkməyən ömür-gün yoldaşı Tənzilə Rüstəmxanlı, solunda qüruru gənc ürəyinə sığmayan sevgili övladı oturub. Sakit, mülayim təbiətli, ağ saçlı şair. Ətrafında "Göy tanrı"nın nuru, baxışında Cavad xanın əzmi var. Ancaq qızının titrək səsi ilə söylədiyi misraları dinlədikcə içindəki "Dərd ağacı" xəfif titrəyir. Şairin gözləri dolur, boşalır.

Kökü taleyin qatında, başı arzu qanadında,
İliyimdən sümüyümə, dırnağımdan saçımacan,
Ürəyimdən ovсumaсan,
Zərrə-zərrə, qətrə-qətrə məni tamam zəbt eyləyən.
Gülüşümə kölgə salan, sevincimdən nəf diləyən.
Yarpaqları yad şilləsi, budaqları od qırmancı
İçimdəki dərd ağacı…

Onun dərd ağacının vətən, bütöv Azərbaycan, millət, istiqbal adlı qol-budağı var.

Üzümə dağların nəfəsi dəyir,
Alışır, danışır, yanır, inləyir.
Torpağa qayıtmaq asan iş deyil
Bu zülmü bir qərar bitirməyək,
O torpaq bizləri götürməyəcək!

Mahir, qüdrətli qələm sahibi könlünün tellərini ab-havaya uyğun kökləyə bilir. Söz demək üçün tribunaya çıxıb,nitqinə Tənzilə xanıma yazdığı "Yaşını demə" şeiri ilə başlayır.

Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən endirib bəlkə,
Mələk yaşındasan, yaşını demə!

Nəzərlər illərdir çiyin-çiyinə türkçülük yolunda mübarizə aparan qoşa qanadlara tuşlanır. Mənsə düşünürəm, vətənin "Bütövlük həsrəti" ilə "Əbədi sevda" ya qovuşanları "Tanımaq istəsən" ədəbiyyatın Sabir Rüstəmxanlı səhifəsinə yaxşı nəzər salmalıyıq. Millətinin vəkili, xalqının böyük şairi qeyrətli oğlu, yeni yaşınız mübarək. Ömür "Karvan"ınızın yolu uzun, könlünüzdəki gənclik odu əbədi olsun. Deməyək ki, qoca Sabir, səslənək ki, ucadan da uca Sabir!

İnterpress.az