Göyün yeddinci qatındakılar

21 May 2014 07:55 (UTC+04:00)
İncəsənət həyatın ən güclü tərəfidir. Çünki biz orda tamamilə azadıq və istədiyimizi edirik.

Biz hətta xəyallarımızın da şəklini çəkə bilər, göyün yeddinci qatına çıxa bilərik. İncəsənət bizi məhdudlaşdırmır, biz faktlardan azadıq, əngəl, maneə bilmədən fikirlərimiz boyu yol gedirik.

Bizim anlaya bilmədiyimiz çox şeylər var, amma intuisiyamız bizə nə edəcəyimizi pıçıldayır və biz anlayırıq. Hərçənd heç bir sənət əsəri konkret deyil, hər birimiz onu müxtəlif tərəflərdən görür və yenidən kəşf edirik.

Əfsanəvi Mona Lizaya konkret əsər demək olarmı? Axı biz onu fərqli-fərqli görürük. Leonardo da Vinçinin bu sirli qadın obrazı yüzilliklərdir, insanları özünə heyran etməkdən usanmır.

Araşdırıcıların haqqında cild-cild kitablar yazdığı Mona Lİza ilk baxışdan təsir oyatmasa belə, sirri yalnız özünə bəlli təbəssümünə bir neçə dəqiqə baxmaq kifayətdir ki, onun əsirinə çevriləsən. Daha bir məqam: əsərə çəkilən reproduksiyaların heç biri Mona Lizanı olduğu kimi ifadə edə bilməyib. Xüsusilə onun sirli təbəssümünün qarşısında ən mükəmməl rəssam belə acizdir.
Vaxt keçdikcə, Mona Liza insanların onu anlamaq cəhdləri qarşısında sakitcə gülümsəyərək bizdən daha da uzaqlaşır... Budur, fikirlərimiz boyu getdiyimiz yolların üfüqində bu sirli qadının silueti görünür, hər şeyi atıb, yolların toz-dumanına qarışaraq və yolun sonundakı nəticədən asılı olmayaraq, onun ardınca getmək olar... Amma heç bir qüvvə Mona Lizanın qəlbini görməyə qadir deyil... Zaman keçir və dünyada hər şey dəyişir. Hətta tarixin sükunəti belə. Yeni insanlar tarixin yaddaşını oyadıb onu yeni dünyanın mərkəzinə gətirirlər. Postmodernizm kimi.

Nədir postmodernizm? Heç kim onun nə olduğunu tam olaraq söyləyə bilməz. Çünki fikirlər fərqlidir. Bəziləri üçün o bir tarixi mərhələni ifadə edir, başqaları üçün yeni üslubdur, digərləri üçün yeni ifadə tərzidir.

Amma bütün yeniliklər yaxşı unudulmuş köhnələrdir. Postmodernizm də eləcə. İkinci dünya müharibəsindən sonra rəssamlarda ruh düşkünlüyü yarandı, onlar artıq incəsənətin- gözəl, təmiz duyğuların bəşəriyyəti xilas edəcəyinə inanmaq istəmirdilər. Bu zaman yeni ifadə vasitəsi meydana gəlirdi. Postmodernizm insanların dünyaya yeni baxışı idi. Eyni zamanda bəşəriyyəti islah edə bilməyən ənənəvi dəyərlərə ironik baxışları simvolizə edirdi. Rəssamların ürəyi doluydu və fikirlərini ifadə etmək üçün bu yol çox əlverişli idi.

60-cı illərdə Fransada postmodernizmlə bağlı çoxsaylı nəzəri tədqiqatlar aparıldı və bu tədqiqatların sonunda postmodernizm özünü yeni fəlsəfi konseptdə ifadə etməyə başladı. Rəssam estetik dəyərlərdən vaz keçir və fikirlərinə heç bir məhdudiyyət qoymurdu. Müasir konseptual incəsənət postmodernizmin bir istiqamətidir. Konseptual əsərlər hansısa cümlə, mətn, sxem, qrafika, foto, audio, video material, hətta hər hansı hadisə, proses də ola bilər. Bu düşüncəyə görə, incəsənət materialın deyil, ideyanın gücüdür. O, emosional təsirə hesablanmayıb, insan gördüyünü intellektual şəkildə dərk etməli, mənasını qavramalıdır.

Çingiz Babayev müasir konseptual incəsənətin Azərbaycanda ilk təmsilçilərindəndir. Hələ gənclik illərindən rəngkarlığı və heykəltəraşlığı mükəmməl öyrənməyə çalışan rəssam fikirlərini ifadə etmək imkanlarını araşdırır və eksperimentlər aparırdı. "Əslində hər bir insan yenidir və əgər o, düşüncələrini özünəməxsus ifadə edirsə, bu artıq yenilikdir"-deyir Çingiz Babayev-"Forma artıq özü-özlüyündə yaranır".

Bir haşiyə. Çingiz Babayevlə söhbət zamanı onun fərqli installasiyalarından da bəhs edirik. "Bu ideya necə yarandı" sualına rəssam gülümsəyir- "Əvvəl "installasiya" sözünə aydınlıq gətirək. Bu "quraşdırmadır" və artıq bu sözü öz dilimizdə ifadə edirik". Söhbət əsnasında yenə bir neçə dəfə artıq alışdığım kimi installasiya"desəm də, rəssam sözümü yarıda kəsib səbirlə səhvimi düzəldir və biz söhbətimizə davam edirik.

1996-cı ildə Çingiz Babayev İtaliyaya dəvət alır. "Bu çox mötəbər tədbir idi və burada dünyanın ən məşhur rəssamları iştirak edəcəkdilər"-deyə rəssam xatırlayır. "Mən düşündüm ki, dünya incəsənətində baş verən hər bir prosesdən xəbərdar olan əcnəbi tamaşaçını nə ilə təəccübləndirə bilərəm? Və xalçaları seçdim."
Azərbaycan xalçasının ən nadir elementlərindən olan dəvə təsviri... Sonsuzluğun ifadəsi... Öz yükünü minilliklərin o tayından çəkib gətirən dəvə karvanı... Bu əsər Azərbaycan xalçasını ifadə edirdi. Süjetləri, naxışları öz yerində. Rəngləri də göz oxşayır... Çingiz Babayev bu nadir çeşnini meyvə-tərəvəzlərlə ərsəyə gətirmişdi. "Material"- ən müxtəlif meyvə-tərəvəzlər idi...

Əsərin ideya gücünü və effektini artırmaq üçün rəssamın öz təklifiylə, xalça Azərbaycan muğamının sədaları altında sərgilənirdi...

Çingiz Babayevin bu günlərdə təşkil olunan fərdi sərgisində başqa bir installasiya da maraq doğurdu. Əsər lavaş və lavaşdan quraşdırılmış hərflərdən ibarətdir. Təbii ki, əsas olan ideyadır, lavaş rəmzi məna daşıyır. Bu məqam Azərbaycan tarixinin ayrı-ayrı mərhələlərini ifadə edir. Baxın, lavaş əsrlərdir öz ilkinliyini qoruyub saxlayır, qədimlərdə çörək necə bişirilirdisə, bu gün də eyni qaydayla hazırlanır. Dəyişən əlifbadır- zaman-zaman əlifbamızın dəyişdirilməsi nəsilləri bir-birindən uzaq salıb, mədəniyyətimizə böyük zərbələr vurub. Amma bununla belə milli-mənəvi dəyərlərimiz öz ilkinliyini saxlayan (həm qədim, həm təzə-tər olan) çörək kimi öz ənənələrini qoruyub hifz edib.
Hər bir əsərdən silinməz izlər və hər tamaşaçının yalnız özünə bəlli olan məxfi mənalar qalır...

Bu məqamla bağlı rəssam deyir: "İncəsənət jurnalistika deyil ki, hər hansı bir informasiyanı çatdırsın və tamaşaçı da birmənalı qəbul etsin. Sənət mütəfəkkir rəssamın fikirlərinin ifadəsidir və seyrçi dərhal bu əsəri anlamaq məcburiyyətində deyil. Rəssam öz fikirlərini inkişaf etdirmək üçün böyük bir yol keçib. Tamaşaçının da öz maraqları, öz qayğıları var. Əgər o, hansısa bir əsəri qavramaqda çətinlik çəkirsə, bu o demək deyil ki, onun intellekti aşağıdır, sadəcə olaraq o, həmin an hazırlıqsızdır, çünki bir aləmdən başqa bir aləmə gəlib...

İncəsənətin unikallığı da budur: məxfi mənalar ehtiva edən fərqli dünyalara səyahət edirsən və bu yolların üfüqində hətta Mona lizanın dumana bürünmüş siluetini görməyin sevinci və məyusluğu da var...



AzNews.az