İlham Əliyev Şanxay Zirvə Toplantısında çıxış edib

21 May 2014 10:08 (UTC+04:00)
Mayın 21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı keçirilib.

AzNews.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edib. Zirvə toplantısı dövlət və hökumət başçılarının Şanxay Ekspo Mərkəzində qarşılanma mərasimi ilə başlayıb. Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını qarşılayıb.Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının birinci iclası keçirildi.
İclası açıq elan edən Çin Xalq Respublikasının sədri Si Cinpin nümayəndə heyətlərinin başçılarını salamladı. O, dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğuladı. Bildirdi ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq Müşavirə iştirakçı ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır. Si Cinpin Müşavirənin bundan əvvəl Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini, bir çox vacib qərarların qəbul edildiyini bildirdi, Qətərin və Banqladeşin Müşavirəyə bərabərhüquqlu üzv qəbul olunduğunu diqqətə çatdırdı. O, Zirvə Toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğulayıb.

Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi ki, bu Müşavirə dörd milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir. Müşavirənin təhlükəsizlik baxımından yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar açdığını deyən Ə.Davudoğlu qurumun digər beynəlxalq təşkilatlarla əlaqələrinə də toxundu. Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər Müşavirəyə sədrliyi Çinin həyata keçirəcəyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

"Sülh, sabitlik və əməkdaşlıq yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi" mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edirib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev irəli sürmüşdür. Birinci və ikinci Zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilib. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla 24 üzvü vardır.

Şanxay Zirvə Toplantısında bəyannamə qəbul edilib.


AzNews.az