Kann kinofestivalında Azərbaycan pavilyonu

21 May 2014 13:02 (UTC+04:00)
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, milli filmlərin nümayiş olunduğu pavilyonda xarici kino adamları - prodüserlər, rejissorlar, aktyorlar və digərləri ilə görüşlər keçirilir, birgə layihələr müzakirə olunur, Azərbaycanın turizm imkanlarını təbliğ edən çap və video materiallar ziyarətçilərə nümayiş etdirilir.

Azərbaycan kinosu tarixində ilk dəfə Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramında "Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi nümayiş olunacaq.

Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmov, baş rolun ifaçısı isə İdris Rüstəmovdur.

Nazirlikdən bildiriblər ki, festivalın "Rejissor ikihəftəliyi" proqramına "Torn" qısametrajlı filmi də daxil edilib. Filmin rejissorları Elmar İmanov və Engin Kundağ, baş rolun ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır.

QALİBLƏR 3 GÜNDƏN SONRA AÇIQLANACAQ

Bundan əlavə, "Qısa filmlər guşəsi" adlı sərbəst proqramda da Azərbaycan bir neçə qısametrajlı filmlə təmsil olunur.

67-ci Kann Festivalının rəsmi afişası - aktyor Marcello Mastroianni
67-ci Kann Festivalının rəsmi afişası - aktyor Marcello Mastroianni
Dünyanın ən nüfuzlu kino hadisələrindən sayılan 67-ci Kann Beynəlxalq kino festivalı bu dəfə Avropa kino tarixində misilsiz rol oynamış italyan rejissoru Federico Fellini və ulduz aktyor Marcello Mastroianni-yə həsr olunub.

Builki afişalarda Federiko Felininin "8 yarım" filminin qəhrəmanı (Marcello Mastroianni) təsvir olunub.

Mayın 24-nə qədər davam edəcək kinofestivalın münsiflər heyətinə Yeni Zelandiyalı rejissor Jane Campion başçılıq edir.

Qaliblər mayın 24-də açıqlanacaq.(azadlıq.org)