Keçmiş ərindən Sevinc Osmanqızına sərt ittihamlar

23 May 2014 09:19 (UTC+04:00)
Məşhur jurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşı, "ATV İnternational"ın direktoru Azər Xəlilov dünən eks-həyat yoldaşının "Qafqazinfo"da yayımlanan fikirlərinə münasibət bildirib.


Azər Xəlilov "Qafqazinfo"ya ünvanladığı cavab məktubunda Sevinc Osmanqızının ittihamlarını uydurma adlandırıb:

ANS-in Vaşinqtondakı müxbiri Sevinc Osmanqızının bir sıra yerli KİV-lərdə dərc edilən sifarişli bəyanatı başdan ayağa iftira, ağ yalan və böhtən üzərində qurulmuş cəfəngiyyatdır. Bu cür qeyri-adekvat və səviyyəsiz bəyanatlara münasibət bildirməyi özümə rəva görməsəm də, jurnalistlərin çoxsaylı müraciətlərini nəzərə alaraq aşağıdakıları söyləməyi lazım bilirəm:

ANS-in Vaşinqtondakı müxbiri S.Osmanqızının anonim məqalələr adlandıraraq istinad etdiyi yazılara nə mənim, nə də ki qardaşım Vüqar Xəlilovun heç bir aidiyyatı yoxdur. Hələ bir il əvvəl, 2013-cü ilin aprelində BBC Azərbaycan Xidmətinin redaktoru vəzifəsinə təyin olunmuş Sevinc Osmanqızı yeni CBC telekanalının yaranmasına münasibətini bildirərkən məkrli şəkildə həm telekanala, həm də mənə qarşı təhqiramiz və qərəzli şərhlərlə çıxış etmişdi. Məhz bu məsuliyyətsiz şərhlərin nəticəsi idi ki, onun BBC-də fəaliyyətə başlaması baş tutmadı.

S.Osmanqızı və onun havadarları kütləvi informasiya vasitələrini haqq-hesab cürütmək və şəxsi maraqlarını həyata keçirmək üçün istifadə edirlər.

Mən və mənim qardaşım uzun müddətdir ki, Azərbaycanda yaşayırıq, bir vətəndaş kimi, bacardığımız qədər ölkəmizin rifahına töhfə verməyə çalışırıq və fəaliyyətimizi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə uyğun qururuq.

Mən və qardaşım Britaniyada müddətsiz qalmaq hüququna malikik. Bu da öz növbəsində təsdiq edir ki, guya siyasi sığınacaq almaq üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə müraciət etməyimiz barədə S.Osmanqızının səsləndirdiyi fikirlər cəfəngiyyatdır və yalnız acı gülüş doğura bilər. Burada sual olunur kı, əcəba vətənindən birdəfəlik ABŞ-a köç etmiş bu qadının xəyalı özünə getməyibmi? Sualın qoyuluşu heç də təsadüfi deyil.

Tam məsuliyyətlə bildirirəm ki, Sevinc Osmanqızı ABŞ hökumətindən siyasi sığınacaq istəyib. O, Amerikada siyasi sığınacaq üçün müraciətini mətbuatda dərc etdiyi məqalələrə görə Azərbaycan hökuməti tərəfindən təqib olunması ilə əsaslandırıb. Bu, onun xarici vəkillərinə göndərdiyi və öz əli ilə yazdığı sənədlərdə də öz əksini tapıb. Odur ki, Sevinc Osmanqızı təkcə bizim ailəmiz əleyhinə deyil, çörəyini yediyi Azərbaycan dövlətinə qarşı iftira və həyasızcasına böhtandan çəkinmir.

Bizim anamıza gəldikdə, deyə bilərəm ki, o, bütün ömrü boyu Azərbaycandan kənara addımını belə atmayıb, son dəfə isə yalnız Naxçıvana səfər edib.

Biz Azərbaycanda, Bakıdayıq və heç zaman vətənlə əlaqəni kəsməmişik. Biz bəziləri kimi xarici nümayəndəlik qarşısında öhdəlik götürüb öz ölkəmizlə bağlı donos yazmamışıq.

Bizim fəaliyyətimiz şəffafdır, açıqdır və həmişə Azərbaycanın milli maraqlarına xidmətdən ibarət olub. Bir jurnalist kimi ölkəmizin haqq səsinin, dövlətimizin ədalətli siyasətinin dünya ictimaiyyətinə çatdırılması, erməni təcavüzünün ifşa edilməsi bizim işimizin qayəsini təşkil edib.

Fəaliyyətimiz ölkədə geniş məlumdur və mətbuatda hərtərəfli işıqlandırılıb.

S.Osmanqızı mənim uşaqlarımı Amerikaya qeyri-qanuni yolla, icazəm olmadan, xəlvəti şəkildə aparıb. ABŞ səfirliyi onlara viza verərkən mənim icazəmin olub-olmadığını nəzərə almayıb və beləliklə, azərbaycanlı uşaqların qanunsuz şəkildə Amerikaya qaçırılmasında sabiq əməkdaşı S.Osmanqızına (çox guman ki, xidmətlərinə görə) köməklik edib. Uşaqlarımın Azərbaycandan Türkiyə üzərindən Amerikaya aparılmasında Amerikanın xüsusi xidmət orqanlarının və ölkəmizdəki nurçu şəbəkənin bəzi üzvlərinin müəyyən rol oynadığını istisna etmirəm.

Hesab edirəm ki, S.Osmanqızının bəyanatı yalan və böhtanlardan başqa bir şey olmamaqla yanaşı, onun arxasında duran "dirijorları" da açıq-aşkar ifşa edir.

Təbii ki, böhtan və iftiralar yayan hər bir kəs, buna görə, qanun qarşısında məsuliyyət daşımağa da hazır olmalıdır".