Azərbaycanda “quş qripi” monitorinqi - NƏTİCƏLƏR

23 May 2014 11:01 (UTC+04:00)
Azərbaycanda "quş qripi" xəstəliyinə görə ölkə ərazisində aparılmış monitorinqin nəticələri açıqlanıb. Dövlət Baytarlıq İdarəsinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli vurğulayıb ki, bu ilin mayın 12-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl, 12 baş ev quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1785 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Onun sözlərinə görə, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb. Xatırladırıq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkəmizin quş qripi xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında quş qripi xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.

Amid
AzNews.az