Nazirlik bayram keçirir

23 May 2014 11:13 (UTC+04:00)
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.


AzNews.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

23 may 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib və tədbiri giriş sözü ilə nazir Hüseynqulu Bağırov açıb. H.Bağırov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin, layihələrin davam etdirildiyini bildirib, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və perspektiv planlar barədə məlumat verib.


Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə Nazirliyin 11 əməkdaşını "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edib.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunub.