“Abituriyentin 90 faizi 150 baldan aşağı nəticə göstərib”

23 May 2014 11:41 (UTC+04:00)
"Bu il ali və orta ixtisas məktəblərinə I və IV ixtisas qrupu üzrə imtahan verən əvvəlki illərin məzunları olmuş abituriyentlərin imtahan nəticələri çox aşağıdır".

APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu il I ixtisas qrupu üzrə imtahan vermiş əvvəlki illərin məzunu olmuş 12 997 abituriyentin 90%-i 150 baldan aşağı nəticə göstərib: "Bu qrupda abituriyentlərin yalnız 10%-i 150 baldan yüksək nəticə göstərə bilib. IV ixtisas qrupuna sənəd verən abituriyentlər arasında 2 cür kontingent var. Bir kontingent Azərbaycan Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digər kontingent isə yalnız idmançı olmaq istəyir. Bilirəm ki, onlar üçün də yalnız 100 bal toplamaq lazımdır".

TQDK sədri qeyd edib ki, IV qrup üzrə 4558 əvvəlki illərin məzunu olmuş abituriyent imtahan verib: "Onların 90%-nin göstərdiyi nəticə 100 baldan aşağıdır. Abituriyentlərin yalnız 10%-i 100 baldan yuxarı nəticə göstərib. Əvvəlki illərin məzunu olmuş abituriyentlər arasında 400, 500, 600 bal toplayan da olub. Orta rəqəmlər onu göstərir ki, imtahanda iştirak etmiş əvvəlki illərin məzunlarının 50%-i imtahanda 50 baldan aşağı nəticə göstərib".