Nazirlikdən sayta qarşı təxribat?

23 May 2014 13:49 (UTC+04:00)
Artıq üç gündür ki, Müstəqil İnformasiya Agentliyinə məxsus mia.az saytına girişdə problem yaranıb. "Bakinternet" provayderinin istifadəçisi olanlar mia.az saytına daxi ola bilmirlər. İnformasiya agentliyinin redaktoru Zaur Əhməd deyib ki, məsələni tam dəqiqləşdirmək üçün mütəxəssislər araşdırma aparıblar: "Məlum olub ki, "Bakinternet" mia.az-ı bloka salıb və bu səbəbdən də o provayderin istifadəçiləri saytımıza daxil ola bilmirlər. Texniki əməkdaşlarımız "Bakinternet"dən məsələni aydınlaşdırmaq istəsələr də, qarşı tərəf müxtəlif əsassız bəhanə gətirərək, problemin həllinə çalışmayıblar. Amma ölkədə fəaliyyət göstərən digər provayderlərdə belə bir problem yoxdur. "Bakinternet"in bu addımı oxucularımızın 20-30 faizinin saytımıza daxil olmaması ilə nəticələnib. Yəni, "Bakinternet" bununla həm bizim, həm də öz istifadəçilərinin hüquqlarını pozur".
Redaktor bilidirb ki, bu problem "Əli Abbasovun milyonluq taksofon əməliyyatı – Təkzibedilməz FAKT" başlıqlı yazıdan sonra ortaya çıxıb: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin sərəncamında olan qovşaqlarda maliyyə fırıldaqları barədə yazıdan sonra "Bakinternet"in istiafdəçiləri sayta daxil ola bilmirlər. Görünür, Bakı Telefon Rabitəsi Istehsalat Birliyi yazıda qeyd olunan faktlarla cavab verə bilmədikləri üçün yeganə çıxış yolunu bu qanunsuz addımı atmaqda görüblər. Məsələylə bağlı aidiyyatı qurumlara müraciət olunacaq". Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd bildirb ki, bunu söz və mətbuat azadlığına basqı kimi dəyərləndirirlər: "Bununla bağlı ölkə başçısına və digər aidiyyatı qurumlara müraciət etməyi planlaşdırırıq. Eyni zamanda, beynəlxalq təşkilatlara və jurnalist qurumlarına da müraciət etmək fikrimiz var".