Sabir Rüstəmxanlı Turan qurultayına getdi

23 May 2014 19:16 (UTC+04:00)
Mayın 21- 23 tarixlərində Türkiyənin paytaxtı Ankarada Hacetepe Universitetində 5-ci Türkoloji Simpozium keçirilib.

Aktual.az xəbər verir ki, üç gün davam edən simpoziumun mövzusu "Oğuzlar: Dilləri və kültürləri" olub. Toplantıya Türk Dünyasından, Avropa və bir sıra Şərq ölkələrindən 100-ə yaxın elm adamı qatılıb.

Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Türk dünyasının türklük problemlərindən danışıb. O, Türk üst kimliyinə qarşı güclərin dirənişinə toxunaraq əzilən türklərin haqlarını dilə gətirib.

Azərbaycan Türkiyə Evinin (ATEV) başqanı Tənzilə Rüstəmxanlı Azərbaycan ziyalılarında oğuz və türklük kimliyindən bəhs edərək, Həsən bəy Zərdabi, Əli bəy Hüseyinzadə, Әhməd Ağaoğlu, Ziya Göyalp, Əlimərdan Topçubaşov, Əhməd Cavad, Hüseyin Cavid kimi şəxsiyyətlərin günümüzdəki təsirini diqqətə çatdırıb. O, həmin ziyalıların oğuz və türklük məktəbinin təmsilçiləri olduqlarını vurğulayıb.

ATEV təmsilçisi Cahandar Bayoğlu "oğuzlar və türk kimliyi" mövzusunda çıxış edib.

Simpozimun ikinci gününde oturum başqanlarından biri həmyerlimiz, oğuzşünas alım Füzuli Bayat olub.

Simpozim çərçivəsində Sabir Rüstəmxanlı universitetdə təhsil alan Güney Azərbaycanlı gənclərlə görüşüb. Bundan başqa, mayın 22-də VHP sədri və Azərbaycandan olan qonaqlar Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalını ziyarət ediblər.

Bu gün Sabir Rüstəmxanlı Türkiyədən Qazaxıstana, Böyük Turan qurultayına yola düşüb.