Ərdoğanın müavini Gülənin qarğışlarını xatırlatdı

24 May 2014 07:51 (UTC+04:00)
Türkiyə baş nazirinin müavini Bülent Arınç ötən gün Osmanlı dövlətinin mənəvi memarlarından hesab olunan Əziz Mahmud Hüdayinin sərdabəsinin restovrasiyadan sonra açılışında iştirak edib.

Anspress-in verdiyi məlumata görə, açılış tədbirində Somada şəhid olanların ruhu üçün mövlüd və xətm (Quranın başdan sona qədər oxunması) duası oxunub. Tədbirdə çıxış edən Arınc 12 illik hökumətləri dövründə 4 minə yaxın tarixi abidədə təmir işləri aparıldığını, halbuki son 80 ildə sadəcə 300 tarixi abidənin restovrasiya olunduğunu deyib.

Bülent Arınç daha əvvəl "Xidmət" hərəkatının lideri Fəthullah Gülənin tökdüyü qarğışları xatırladaraq, "Üzərimizdəki bəddualar götürülsə daha çox iş görəcəyik" – deyib.

AzNews.az