Daha bir bank fırıldağı

4 Sentyabr 2012 20:10 (UTC+04:00)


Təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin ödənişi bu ildən yalnız bank vasitəsilə ödənilir. Bu isə vətəndaşların az da olsa əlavə xərcə düşməsinə səbəb olur. Belə ki, Ödənişləri həyata keçirən vətəndaş 1 manatdan 5 manata kimi "bank xərci" ödəyir.

Qeyd edək ki, "bank xərci" adı ilə yığılan pullar hər bankda bir qiymət olur. Eyni zamanda bir bankda da ayrı-ayrı adamlardan müxtəlif məbləğlər istənilir. Maraqlısı budur ki, "bank xərcləri" üçün heç bir qəbz verilmir.

Bunun səbəblərini öyrənmək üçün Azərbaycan Beynəlxalq Bankı ilə əlaqə saxladıq. Bankın əməkdaşının sözlərinə görə, qanunən təhsil haqqı ödənilən zaman heç bir əlavə məbləğ tələb olunmamalıdır: "Ödəniş təhsil müəssisəsi ilə bank filialının razılaşmasına əsasən həyata keçirilir. Bu razılaşmada isə hər hansı əlavə rüsumun ödənilməsi göstərilməyib. Təhsil müəssisəsi tələbəni təhsil haqqını hansı banka, hansı filialına ödəmək barədə məlumatlandırır. Əgər tələbə ödənişi təlimat üzrə deyil, digər filiala keçirərsə, bu zaman ondan əlavə olaraq müəyyən məbləğdə pul alına bilər. Digər hallarda isə bu, yolverilməzdir".

İqtisadi ekspert Vüqar Bayramlı da banka ödəniş zamanı əlavə rüsumun alınmasını qanunsuzluq hesab edir: "Bankda bir hesabdan digər hesaba pul köçürərkən məbləğin dəyərinə görə faiz çıxılır. Ancaq təhsil haqqı ödənişi dövlət təhsil müəssisəsi ilə bank arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir. Fikrimcə, bu zaman isə hər hansı rüsum alınmamalıdır. Əgər rüsumun ödənilməsi qanuni şəkildə baş verirsə, bu barədə vətəndaşa qəbz təqdim olunmalıdır. Qəbz təqdim olunmursa, deməli, heç bir qanuni haldan söhbət gedə bilməz. Bank ödəniş üzrə əlavə rüsum almamalıdır, çünki bu, onların öz fəaliyyəti üçün də sərfəlidir".

Ekspert onu da bildirdi ki, vətəndaş həmin təhsil haqqını müqaviləyə əsasən ödəniləcək olan bankın istənilən filialına keçirilə bilər: "Buna vətəndaşın özü qərar verir, təhsil müəssisəsinin rəhbəri yox. Belə təlimat artıq digər məqamları ortaya çıxarır. Onu da deyim ki, belə bir faizin müəyyənləşdirilməsi artıq təhsil haqqı artdıqca onun da artdığını göstərir. Bu da tələbələr üçün heç də sərfəli deyil".

Məsələyə Təhsil Nazirliyinin münasibətini də öyrənmək istədik. Ancaq təəssüf ki, zənglərimiz cavabsız.

Mövzunu davam etdirəcəyik.

Sevinc Fədai
AzNews.az