Qazaxıstanda Qarabağ sərgisi açıldı- Foto

26 May 2014 09:30 (UTC+04:00)
Turan Qurultayına gələnlərə Azərbaycanla bağlı kitab və disklər hədiyyə olunub

Qazaxıstanın Çimkənd vilayətində qurulan Turan şəhərində qurultay davam edir.

Xəbər verdiyimiz kimi, qurultayda Azərbaycan da geniş nümayəndə heyəti ilə iştirak edir. "Yeni Çağ" (www.yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgərin AzNews.az-a verdiyi məlumata görə, Turan Qurultayında Azərbaycan nümayəndə heyəti Qarabağ sərgisi təşkil edib: "Azərbaycan Türkiyə Evi, Dünya Azərbaycanlıları Konqresi, ATXƏM, Borçalı Cəmiyyəti, "Yeni Nəfəs" Hərəkatı və "Azərmedia" Araşdırmalar Qrupunun üzvləri gətirdikləri kitab, broşur və disklərdən ibarət sərgi təşkil etdilər.

Həm Qarabağ, həm də Azərbaycanla bağlı rus, ingilis, türk dillərində kitabları Qurultay nümayəndələrinə payladıq. Sərgi zamanı Türk Dünyasının müxtəlif ölkələrindən gələn türklərə Azərbaycanın ağrılı yeri-Qarabağ məsələsi anladıldı".

A.Ələsgər deyib ki, Qarabağla bağlı sərgi Qurultay iştirakçılarının diqqətinə səbəb olub.

Qeyd edək ki, Qurultayda Azərbaycandan millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, "Yenicag.az" internet qəzetinin baş redaktoru və Avrasiya Qəzetçilər Dərnəyi Qafqaz təmsilçisi Aqil Ələsgər,125-lər Siyasi Klubunun üzvü, tanınmış telejurnalist-publisist, Turan Qurultayında Türk Dünyasının gənc Asenası adına layiq görülmüş Tamilla Qulami, Azərbaycan Türkiyə Evi Birliyinin sədr müavini Cahandar Bayoğlu, ATXƏM-in icraçı direktoru, şair İlqar İlkin, "Yeni Nəfəs" Gənclər Hərəkatı sədri Seymur Həsənli, alimlərimiz Babək Abışov və Məhəmməd Teymurlu digərləri iştirak edirlər.




AzNews.az