Ziya Məmmədov danışdı: “ Bizi istəməyən qüvvələr aranı qarışdırır“

27 May 2014 09:17 (UTC+04:00)
Son günlər mətbuatın və ictimaiyyətin diqqət mərkəzində olan Nəqliyyat naziri Ziya Məmmədov "Unikal" qəzetinə müsahibə verib. Nazir qardaşı Elton Məmmədov və onun oğlu Aynar Məmmədov barədə yazılanlara, Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı maraqlı məqamlara toxunub. Nazirlə söhbəti olduğu kimi tədim edirik.

- Salam, Ziya müəllim.

- Salam.

- Sizi "Unikal" qəzetindən narahat edirik.

- Buyurun. Eşidirəm.

- Ziya müəllim, sizin və qardaşınız oğlu Aynar Məmmədovla bağlı gedən informasiyalar barədə yəqin ki, məlumatlısınız.

- Bəli. Xəbərim var.

- Maraqlıdır, Aynar Məmmədov jurnalisti nə üçün döydürtdüyü Sizə məlumdurmu? Ola bilərmi ki, Aynar Məmmədov barənizdə yazılanlara görə jurnalisti döydürsün?

- Belə bir şey yoxdur. Ümumiyyətlə, nə Ziya Məmmədov, nə də Ziya Məmmədovun ətrafındakı adamlar jurnalist döydürməz. Bunların heç bir əsası yoxdur.

- Axı, "Yeni Müsavat" qəzetinin əməkdaşını döydürən Tural Bayramov Aynar Məmmədovun dostudur?

- Aynarın o məsələlərə heç bir aidiyyatı yoxdur.

- Bəs, Aynar Məmmədov niyə istintaqa çağırılıb?

- Xeyr. O, istintaqa çağırılmayıb.

- Mətbuatda da məlumat verildi ki, DİN-ə çağırılıb və ifadə verib…

- Hər bir kəs istintaqa ifadə verə bilər.

- Onda belə çıxır ki, Tural Bayramov Aynar Məmmədovun sifarişi ilə jurnalisti döydürdürüb ki, buna görə istintaqa çağırılıb?

- Xeyr. Aynar jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib. Amma idmançıya kimlərsə Aynarın adını yazmağı məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib. Mən, bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yayılan foto və video görüntülərin də bir çoxu kollajdır. Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda, cənab prezidentə xidmət edirəm.

- Əgər dövlətə, dövlətçilyə, və prezidentə sadiqsizsə, Sizə qarşı niyə kampaniya aparırlar?

- Bilmirəm. Amma yenə də deyirəm, bütün bunların mənə aidiyyatı yoxdur. Yazılanlarında əksəriyyəti doğru deyil.

AzNews.az