Prezident qazanılan uğurların bəhrəsindən danışdı

27 May 2014 11:03 (UTC+04:00)
"Hörmətli Forum iştirakçıları, Sizi - dünyanın bütün guşələrindən Bakıya toplaşmış gənc alimləri səmimi qəlbdən salamlayır və forumun işində müvəffəqiyyətlər arzulayıram. Әminəm ki, ölkəmizə xas olan qonaqpərvərlik və işgüzarlıq ab-havası Sizə gələcək planlarınızın müzakirəsi üçün gözəl imkanlar yaradacaq".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda öz işinə başlayan "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçılarına təbrik məktubunda deyib. Təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

İlham Əliyev qeyd edib ki, sürətlə qloballaşan dünyada elmin rolu gündən-günə artmaqdadır: "İnformasiya cəmiyyətinin formalaşması, biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olması, sənayenin prioritet sahələrinin inkişafı və digər amillər yeni ideyalar yaratmalar tələb etməklə gənclərin yaradıcı potensialının aşkarlanmasına güclü təkan verir. Sizin forumunuzun da bu istiqamətdə atılan mühüm addım olacağına inanıram".

Dövlət başçısı bildirib ki, Azərbaycan indi dünyanın yüksək templərlə irəliləyən ölkələrindən biridir: "Qazandığımız uğurlar ilk növbədə insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir. Gənclərə ünvanlanmış bir çox proqramlar, o cümlədən xaricdə təhsil proqramı onların elmə cəlb olunması üçün lazımi şəraiti təmin etmişdir. Azərbaycanda mövcud olan liseylər akademiyası, çoxsaylı universitetlər, Elmin İnkişafı Fondu gənc alimlər nəslinin yetişdirilməsinə xidmət göstərir".

Azərbaycan Prezidentinin sözlərinə görə, tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmiz antik dövrün elmi nailiyyətlərinin qorunub saxlanılması, eləcə də yeni nailiyyətlərin zənginləşdirilməsinə öz töhfələrini verib: "XIX əsrdən etibarən neftin sənaye üsulu ilə çıxarılmasını ilk dəfə həyata keçirən Bakı dünyada neftlə bağlı elm sahəsinin bünövrəsinin qoyulduğu məkan kimi tanınır. Bu gün ölkəmizdə dayanıqlı inkişafın təmin olunması və yüksək texnologiyalarla xidmət göstərilməsi gənclər qarşısında yeni üfüqlər açır. Ümidvaram ki, forum zamanı quracağınız qarşılıqlı əlaqələr hamımıza birgə layihələrin işlənib hazırlanması, müştərək araşdırmaların aparılması və bütövlükdə gələcəyə yönəlmiş elmi fəaliyyətin uğurla gerçəkləşdirilməsinə töhfə verəcək".

AzNews.az