Donetskidə qanlı döyüş – 100 nəfər öldü (VİDEO)
27 May 2014 11:21 (UTC+04:00)
Ukrayna prezidentliyinə keçirilən seçkilərdən sonra ölkənin cənub-şərq bölgəsində vəziyyət daha da gərginləşib.
AzNews.az-ın məlumatına görə, bir neçə gün əvvəl Donetsk Beynəlxalq Hava Limanını ələ keçirən separatçılara qarşı hökumət qüvvələri tərəfindən geniş miqyaslı əməliyyat keçirilib.
Əməliyyat zamanı silahlı separatçılar aeroportdan çıxarılıb və qarşıdurma zamanı ölənlər var.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sözcüsü Aleksey Dmitraşkovski deyib ki, ilkin məlumata görə çoxlu sayda separatçı öldürülüb. Onun sözlərinə görə, ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.
A. Dmitraşkovski bildirib ki, Donetsk aeroportu hazırda hökumət qüvvələrinin əlindədir: "Əgər separatçılar yenidən hava limanını tutmağa cəhd etsələr, analoji təpki ilə qarşılaşacaqlar".
UTX-dən o da qeyd olunub ki, bu arada separatçıların liderlərindən olan "Abver" ləqəbli Serqey Zdrilyukaya Donetskdən çıxmaqla bağlı xəbərdarlıq edilib.
Separatçılar isə bu döyüşdə 100-ə yaxın itki verdiklərini açıqlayıblar.
Aydan Axundova
AzNews.az