XİN-dən Xoşqədəmlə bağlı - AÇIQLAMA

27 May 2014 15:45 (UTC+04:00)

"Xarici İşlər Nazirliyi jurnalist Xoşqədəm Baxşəliyevanın Suriyaya getməsindən xəbərsiz olub. Bu, fərdi qaydada həyata keçirilən bir səfərdir". Bunu Teleqraf.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

E.Abdullayev X.Baxşəliyevanın səfərinin hansı qaydada həyata keçirildiyindən də xəbərsiz olduqlarını vurğulayıb: "Bunu artıq Xoşqədəmin özündən soruşun".

O qeyd edib ki, XİN hələ bir neçə il öncə – Suriya Ərəb Respublikasında hadisələr yeni başlayan vaxt bu ölkəyə səfər etməyin təhlükəli olmasına dair xəbərdarlıq yayıb: "Həmin xəbərdarlıq bu gün də nazirliyin saytının "Xəbərdarlıq" bölməsində qalır. Biz Suriyadakı mövcud siyasi-ictimai vəziyyəti nəzərə alaraq, Suriyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına vacib olmadıqda səfərlərini təxirə salmağı tövsiyə etmişik".

E.Abdullayev deyib ki, vaxtilə Suriyada Azərbaycan səfirliyi olsa da, hazırda fəaliyyət göstərmir: "Nəinki Azərbaycanın, əksər ölkələrin bu gün Suriyada səfirliyi yoxdur. Suriyada təhlükəsizliyə, xüsusilə də xarici ölkə vətəndaşlarının, o cümlədən Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə nəzarət etmək qeyri-mümkündür. Məhz buna görə də biz vətəndaşlarımızı Suriyaya səfər etməməyə çağırmışıq ki, Azərbaycan artıq Suriyada təmsil olunmur. Bu gün Suriyada Azərbaycanın təmsilçiliyi yoxdur".

XİN-in sözçüsü qeyd edib ki, Suriyadakı hadisələr başlayandan sonra Azərbaycanın bu ölkədəki səfirliyi Livana köçürülüb: "Azərbaycanın Suriyada mövcud olmuş səfirliyi Livanın paytaxtı Beyrutda fəaliyyətini davam etdirir. Hazırda Dəməşqdə səfirliyin nə bir diplomatı, nə də bir texniki işçisi var. Hamısı tam şəkildə Beyruta təxliyyə olunub".

Müsahibimiz həmçinin bildirib ki, Azərbaycanda heç bir vaxt Suriya səfirliyi olmayıb. Hadisələr baş verməmişdən əvvəl Azərbaycandan Suriyaya səfərlərin nə cür tənzimləndiyinə gəldikdə isə, E.Abdullayev deyib ki, hər bir şəxs fərdi qaydada səfər edib və bu səfərləri tənzimləmək mümkün deyildi: "Azərbaycanla Suriya arasında viza rejimi mövcud olub və bu gün də var. Əvvəllər Suriyaya səfər etmək istəyən Azərbaycan vətəndaşları Suriyanın Azərbaycana ən yaxın olan ölkələrdəki səfirliklərindən viza alırdılar. Heç bilmirəm, indi o ölkələrdəki Suriya səfirlikləri fəaliyyət göstərir, yoxsa yox".

AzNews.az