“Terrorizm ABŞ üçün bir nömrəli təhlükə olaraq qalır“- Obama

29 May 2014 07:19 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama mayın 28-də "West Point" Hərbi Akademiyasında çıxış edib. ABŞ prezidenti bəyan edib ki, terrorizm onun ölkəsi üçün bir nömrəli təhlükə olaraq qalır.

Prezident bunu xüsusilə vurğulayıb ki, Amerika hərəkət edərkən öz dəyərlərinə uyğun düşünməli və hərəkət etməlidir. Bu isə məsələn o deməkdir ki, hava zərbələri zamanı dinc əhalinin tələfat verməyəcəyinə tam əminlik təmin edilməlidir.

"Bizim hərəkətlərimiz kiçik bir şərtə cavab verməldiir: biz döyüş meydanlarında məhv etdiyimizdən daha çox düşmən yaratmamalıyıq".

Obama deyib ki, İkinci Dünya Müharibəsinin ardınca ABŞ sülhü qoruyacaq təsisatlar - NATO, BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi strukturlar yaratmaq müdrikliyinə malik olub, lakin dəyişən dünyada bu təsisatların da təbiəti dəyişməlidir.

Prezident bildirib ki, bəziləri beynəlxalq təsisatlarla işləməyi və ya beynəlxalq qanunlara riayət etməyi zəiflik əlaməti sayırlar və bu səhv yanaşmadır. Barak Obama misal olaraq Ukraynada baş verənləri göstərib. O deyib ki, Rusiya tanklarının hərəkətə keçməsi gərginlik yaratsa da, bu Soyuq Müharibə deyil.

Prezident bildirib ki, ABŞ müttəfiqlərinin dəstəyi ilə Rusiyanı təcrid etməyi bacarıb. Amerikanın liderliyi sayəsində bütün dünya Rusiyanın hərəkətlərini pisləyib. Avropa və böyük 7-lər sanksiyalara əl atıblar.

Obamanın fikrincə, İranın təcrid olunması da məhz bu cür bəhrə verib. ABŞ lideri bəyan edib ki, Amerika bütün beynəlxalq aləmdə nümunə olmalıdır. "Mən Amerikanın müstəsnalığına inanıram, lakin bu müstəsnalıq bizim beynəlxalq normalardan və qanunun aliliyindən yan keçə bilmək səriştəmizdən yox, onları öz hərəkətimizlə təsdiq etmək istəyimizdən qaynaqlanır".

Barak Obama bir daha təsdiq edib ki, Amerika liderliyinin mühüm elementlərindən biri də insan ləyaqətinin qorunmasıdır. Onun fikrincə, Amerikanın demokratiya və insan haqlarını dəstəkləməsi idealizimdən daha uzaqlara gedir.

Prezident daha sonra deyib: "Yeni əsr zülmə son qoymayıb. Yer kürəsi boyunca paytaxtlarda, Amerikanın bəzi müttəfiqləri də daxil olmaqla vətəndaş cəmiyyəti üzərinə hücumlar olur. Korrupsiya xərçəngi çox sayda hakimiyyətləri və onların aşnalarını varlandıraraq ucqar kəndlərdən məşhur meydanlaradək insanları qəzəbləndirib".

"Lakin unutnmayın ki, məhz Amerikanın diplomatiya və xarici yardım, həm də hərbi qurbanları bahasına edilən səyləri sayəsində, bu gün bəşər tarixinin hər hansı dövründə olduğundan daha çox insan seçilmiş hökumətlərin idarəsi altında yaşayır" – deyə Barak Obama bəyan edib.(anspress)