“Aynarı həbs etmək barədə siyasi qərar yoxdur” – Rauf Arifoğlu

29 May 2014 11:08 (UTC+04:00)
"Bizim ünvanımıza da təhqir söyləyirdi ki, bütün bunlar böhtandır. Lakin indi rəsmən elan olundu ki, böhtanı biz yazmırıq - Məmmədovlar danışır. Həm də sübut olundu ki, heç kim toxunulmaz deyil".

Bu fikirləri AzNews.az-a açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. Qəzetin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı açılan cinayət işinin istintaqı barəsində danışan baş redaktor qeyd edib ki, Daxili İşlər Nazirliyinin son açıqlaması bir sıra mətləbləri ortaya çıxarıb:

"Bu fakt hər şeydən əvvəl Məmmədovların böyük yalanlarını ortaya çıxarır.Deputat Elton Məmmədov bizi yalan yazmaqda suçlayırdı və iddia edirdi ki, oğlu Aynar Məmmədovu ifadəyə çağırmayıblar. Nəzərə almaq lazımdır ki, hətta milyardlara hökm edən klanın gəncləri də polis qarşısında ifadə vermək məcburiyyətində qalır. Burada ortaya çıxan digər məsələ Ziya Məmmədovun dediyi kimi, "idmançının" Aynarın adını istintaqa deməsidir. İndi görünən budur ki, Aynarı - Nəqliyyat nazirinin qardaşı oğlunu həbs etmək barədə siyasi qərar yoxdur. Lakin istintaq hələ bitməyib. O qədər "olmaz" deyilən məsələlər oldu ki, hələ bilmək olmaz proses nə ilə yekunlaşacaq".

R. Arifoğlu əlavə edib ki, istintaq heç də hər şeyi açıqlamır: "Bu arayış da məcbur qalınmasaydı, heç verilməyəcəkdi. Mən inanıram ki, qısa zamandan sonra Aynar Məmmədovun bu məsələdə günahkar olması təsbit ediləcək. Hələlik istintaq da, Ziya və Elton Məmmədovların bu prosesə təzyiqi də davam edir".

Xatırladaq ki, Rauf Arifoğlu başda olmaqla "Yeni Müsavat"çılar F. İlqaroğlunun Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovun sifarişi ilə döyüldüyünü iddia edirlər. Məsələ ilə bağlı "Yeni Müsavat"ın baş redaktoru Daxili İşlər naziri Ramil Usubovla da görüşüb, qənaətləri barədə ona məlumat vermişdi. Görüşdən sonra isə baş redaktor mətbuata açıqlamasında işin üstünün tez bir zamanda açılacağına, hadisənin Məmmədovlar ailəsi tərəfindən törədildiyinin sübuta yetiriləcəyinə əminliyini bildirmişdi. Ötən gün isə Daxili İşlər Nazirliyi istintaqın gedişi ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlmada bildirilib: "Kütləvi informasiya vasitələrində, habelə zərərçəkmiş Fərahim Qasımovun ifadəsində göstərilmiş xüsusatlarla bağlı Məmmədov Aynar Elton oğlu istintaqa çağırılaraq ifadəsi alınıb, istintaq zamanı həmin cinayətdə onun iştirakı təsdiq olunmayıb".

AzNews.az