Azərbaycan sevgisi...

29 May 2014 14:44 (UTC+04:00)
İlk dəfədir ki, yazıma necə başlayacağımı bilmirəm. Bu da 28 mayda həyatımda ilk dəfə başıma gələnlərin davamıdır hər halda.

Təxminən bir neçə ay öncə Hollandiya Türk Federasiyasının (HTF) genəl başqanı hörmətli Murad Gedik Azərbaycanla bağlı tədbir keçirtmək istədiyini bildirəndə 28 may Respublika Gününün bunun üçün daha münasib bir səbəb olacağını dedim. "Zatən həmən günü qeyd etməyi düşünürdük" – dedi Murat bəy və həmən tarixi anlatmaq məsuliyyətini üzərimə götürdüm, həm də sevə-sevə. Əlimə fürsət düşmüşdü, ölkəmi, vətənimi bildiyim kimi anladacaqdım deyə.

Zaman yaxınlaşdıqca həyəcanım da artırdı, gözəl bir təqdimat, Azərbaycanın adına layiq bir təqdimat etməyi düşünürdüm. İnternetdən həmən tarixlə bağlı yazıları dönə-dönə oxudum, bu günə qədər fərqinə varmadığım, başqa zaman bunları oxuyanda üstündən keçdiyim ən xırda detalları belə diqqətdə saxlamağa çalışdım. Bütün bunların sonunda 14 səhifədən ibarət təqdimat hazırladım. Məqsədim tək danışmaq deyil, həm də müasir texnikadan istifadə edərək görüntülü bir təqdimat etmək idi. İlk dörd səhifəni saymasaq, yerdə qalan digər on səhifənin hərəsi ətrafında üç dəqiqə danışmağı nəzərdə tutaraq 30 dəqiqəlik bir çıxış düşünmüşdüm...

Tədbir HTF – yə bağlı, Den Haaqda fəaliyyət göstərən Tük İslam Dərnəyində təşkil olunmuşdu. Bütün hazırlıqlar yüksək səviyyədə idi, texniki təchizat da öz yerində. Dərnəyin geniş salonu tam hazır idi tədbirə. Mən, nə az, nə də çox düz bir saat otuz dəqiqə gecikdikdən sonra zala daxil olduqda salonda bir neçə adam var idi. Hər kəslə bir-bir görüşüb gecikməyimlə bağlı üzrxahlıq etməyə başlamışdım ki, Murat bəy "Vüqar bəy, onlar çoxdurlar, hər biri ilə ayrılıqda görüşə bilməyəcəksən" – deyə gülümsədi və gerçəkdən də bir neçə dəqiqə sonra zal Azərbaycanı, Türk dünyasının bir hissəsi olan Azərbaycanı sevənlərlə doldu. Həyəcanım, pərtliyim daha da artmış oldu. Olmaz belə sevgi.

Əminəm ki, ordakıların bir çoxunu (zalda olan Azərbaycan kökənli insanları çıxmaqla) heç vaxt Azərbaycanda olmayıblar. Onları ora toplayan, mənim gecikməmə rəğmən böyük hövsələ göstərməyə sövq edən bizlərə olan sevgiləri və Azərbaycan haqqında daha çox öyrənmək istəkləri (bu arada onların HTF və onun genəl başqanı Murat bəyə olan sayğılarını da görməzdən gəlmək olmaz) idi. Fürsətdən istifadə edib, başda HTF başqanı Murat Gedik və bütün zala toplananların Azərbaycan sevgilərinin qarşısında baş əyirəm. Sizlər ona layiq deyildiniz, mən sizləri, məndən asılı olmayan səbəblərdən, gözlətdim.

Daha sonra isə başıma gələnlərdən dolayı sizə haqq etdiyiniz göstərini təqdim edə bilmədim. Əgər on ballıq dəyərləndirmə ilə yanaşsaq, öz təqdimatıma beşdən artıq qıymət vermərəm, onu belə çox bilirəm. Yox, görüntülü təqdimat etmədim deyə bilmərəm, etdim. Demokratik Respublikanın yaranma şəraitindən süqutuna kimi danışdım, sanki tarix dərsi idi. Ancaq bu danışmam nə özümə yaraşdı, nə də ora toplaşan insanlara layiq idi. Sizlər daha yaxşısına layiq idiniz, əziz soydaşlarım. Haqqınızı halal edin. Tədbirin gedişində HTF genəl başqanı hörmətli Murat bəyi bir daha tanıdım. Bu qədər geniş ürək sahibi olmaq, bu qədər insanlıq nümayiş etdirmək... Sizə də o yaraşır zatən, Murat bəy.

Mənim təqdimatımdan sonra verilmiş qısa fasilədən sonra çıxış edən Murat bəy o qədər gözəl, pafosdan kənar, səmimi bir çıxış etdi ki, ora toplanmış insanların məhz o çıxışı dinləmələri üçün gözləmələrinə dəyərdi. Murat bəy danışmırdı, bulaq kimi qaynayırdı və sən içdikcə doymurdun bu bulağın suyundan. Əgər mənim təqdimatım sadəcə bir tarix dərsini xatirlatdısa, Murat bəy həm tarixi, həm ədəbiyyatı və.s. özündə birləşdirən bir çıxış etdi.

"Azərbaycanın bizim üçün Türkiyədən heç bir fərqi yoxdur" – deyən Murat bəy və bunun belə olmasına mən şəxsən heç şübhə etmədim bu günə qədər. İstər Azərbaycanın, istərsə də Türkiyənin bu günlərə gəlib çıxmasında zəhməti olanların, bu yolda şəhid olanların ruhuna dua oxunduqdan sonra tədbir sona çatdı. Tədbirin sonunda Murat bəy HTF adına mənə hədiyyə paketi təqdim etdi. Həyəcandan düz-əməlli baxıb layiqincə təşəkkür belə edə bilmədim. Həyəcanımın digər səbəbi barədə birazdan yazacam. Əsas səbəblərindən biri isə odur ki, bu günə qədər gördüyüm hansısa işə görə ilk dəfə idi ki, mükafatlandırılırdım.

Mənə verilən qiymətin həm maddi, həm də mənəvi dəyəri böyükdür mənim üçün. Mən də öz növbəmdə HTF – nin genəl Murat bəyə onun da çox sevdiyi Azərbaycan bayrağı hədiyyə etdim.

P.S. Qısa olaraq tədbirə gecikməyimin, həyəcanımın səbəbləri barədə. Etiraf edim ki, əslində, tədbirə lazımı kimi hazırlaşmışdım. Tədbir saat 20:00 – a planlaşdırılmışdı və mənim yaşadığım yerdən ora getmək üçün bir saat yarım zaman lazım olduğu halda mən iki saat yarım öncə, saat 17:30 – da yola çıxdım. Yolda maşınımın xarab olması səbəbindən tədbirə gecikmiş oldum. Sürət həddi saatda 130 km olan bir yolun kənarında maşında oturmaq təhlükəli olduğundan yolun qırağında olan maneənin arxasında, Niderlandın yağışlı havasında bir neçə saat gözləməli oldum. Bu və başıma gələn, deyilməsi, yazılması mümkün olmayan səbəblərdən həyəcanlandım və tədbirin keçiriləcəyi yerə çatdıqda isə oradakı insanların böyük bir hövsələ ilə məni gözləmələri həyəcanımı daha da artırdı. Sizlərin önündə baş əyməyinə dəyər, sevdiyin dəyərlər uğrunda hövsələ göstərən insanlar üçün bunu etməyinə dəyər...

Vüqar Abbasov
Niderland