“Qızımı öldürüb, sonra asıblar”- Zakir Qaralova müraciət

30 May 2014 10:36 (UTC+04:00)
Şirinbəyim Eyvazova: "Mənim qızımı öldürüb sonra asıblar, bu cinayətin açılmasına kömək edin"

Salyanın Aşağı Noxudlu kənd sakini Şirinbəyim Bayram qızı Eyvazova baş prokuror Zakir Qaralovdan kömək istəyir.

Məktub müəllifi yazır ki, 2 aprel 2014-cü ildə qızı Afət Ağakərim qızı Cəfərovanın (Eyvazova) asılmış meyiti yaşadığı Salyanın Aşağı Noxudlu kəndindəki evində aşkar olunub: "Bir ana kimi deyirəm ki, qızımın özünə qəsd etməsi versiyası ilə razı deyiləm. Qızımın 2 qız nəvəsi var. Bir qızı Pedaqoji Universitetin axırıncı kursunda, oğlu Şirvan şəhərində texnikumda oxuyur. Qızım zəhmətkeş, fiziki cəhətdən sağlam bir qadın idi. Kənd orta məktəbində xadimə işləyirdi, təsərrüfatla məşğul olurdu.

Ölən günə qədər həyat yoldaşı Abdul Cəfərovla münaqişəli həyat sürürdü. Bunu onun uşaqları, qonşuları və qohumları təsdiq edə bilərlər. Ölməmişdən 5-10 dəqiqə qabaq qızım qızına zəng edib və həyat yoldaşının onu öldürmək istədiyini deyib. Bunu telefon zəngləri də sübut edir.

Cənab baş prokuror.

Qızımla həyat yoldaşı arasında daim mübahisəli vəziyyətin olması, həyat yoldaşının hər xırda məsələyə görə evdə dava-dalaş salması belə fikrə gəlməyimə səbəb olub ki, qızımı öldürüblər və sonra asıblar. Qızımın başında xəsarət izləri də vardı.

Qızımın asıldığı yerdə ayağının altında stul olmayıb. Boynuna bağlı olan ip sürüşkən deyildi. Düyünlənmiş halda idi. Onun asıldığı yer qızımın boyuna bərabər olub. Ayağı yerə dəyən səriştəsiz adam özünü asa bilməz. Yəni ki, onun özünü asmaq üçün heç bir səbəbi yox idi. Bir ana kimi onun ölüsünü görəndə dəhşətə gəldim. Çünki onun əynindəki paltar gündəlik geydiyi paltar deyildi və başının arxa sağ tərəfi qaralmışdı. Əynindəki paltar ona sonradan geyindirilib. İstintaqın gedişindən mənə bəlli oldu ki, həmin gün geydiyi və düymələri qırılmış xalat maddi sübut kimi hadisə yerindən götürülməyib. Bu haqda daha məlumatlı, onun ölümündən qabaq zəng etdiyi kiçik qızıdır. Ancaq o, ata qohumlarının təsiri və qorxusu altında olduğu üçün həqiqəti söyləyə bilmir. Qızımın oğlu (nəvəm) dörd mərasimi qurtarana qədər bizdən xahiş edirdi ki, atamdan şikayət etməyin, evi mənim adıma keçirəcək. Mərhumun meyiti yarılaraq daxili müayinə olunmadan basdırılıb. Bu barədə biz sonradan bildik və rayon prokuroruna müraciətimiz əsasında meyit qəbirdən çıxarılaraq tibbi ekspertizaya göndərildi. Hətta meyitin daxili orqanlarının tibbi ekspertizaya getməsinə, ölümündən qabaq mərhum qızımın övladları – qızı və oğlu imkan vermək istəmirdilər. Bu hadisənin peşəkar istintaq qrupuna ehtiyacı var. Ölüm hadisəsindən bir ay keçməsinə baxmayaraq artıq iki müstəntiq dəyişib və buna baxmayaraq, şübhəli şəxs qismində heç kim saxlanılmayıb".

Aşağı Noxudlu sakini baş prokurordan xahiş edir ki, iş ədalətlə araşdırılsın: "Zakir Qaralov, sizə inanıram və ona görə də sizdən xahiş edirəm ki, istintaqın hərtərəfli və ədalətli aparılması üçün peşəkar istintaq qrupunun qızımın ölüm işini araşdırmasına öz köməkliyinizi əsirgəməyəsiniz. Ümidim ancaq sizədir!"(musavat.com)