Rusiya “pul kisəsi”ni açdı- Qırğızıstana 1,2 milyard dollar
30 May 2014 14:17 (UTC+04:00)
Rusiya Gömrük İttifaqına qoşulmaq üçün Qırğızıstana 1,2 milyard dollar ödəyəcək.
AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumatına görə, Qırğızıstanın iqtisadiyyat naziri Temir Sariyev bildirib ki, Rusiya Gömrük İttifaqına qoşulduğu təqdirdə iqtisadiyyatın uyğunlaşdırılması üşün Qırğızıstana 1,2 milyard dollar ayıracağına söz verib: "İqtisadiyyatımızın Gömrük İttifaqına zərər görmədən qoşulması üçün xüsusi inkişaf fondu yaradılacaq. Fond 500 milyon dollar nizamnamə kapitalına malik olacaq. Bu vəsaitlər Rusiya dövləti tərəfindən təmin ediləcək".
Nazirin sözlərinə görə, Rusiya Qırğızıstana daha 500 milyon dollar güzəştli kredit verəcək: "Kredit Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə tərtib olunacaq. 200 milyon dollar isə Qırğızıstanın Gömrük İttifaqına daxil olmasının "yol xəritəsi"nin reallaşmasına ayrılacaq. Bütövlükdə bu proseslərə 377 milyon dolar xərclənəcək".
Qeyd edək ki, Rusiya bu təkliflə mayın 29-da Astanada Avrasiya İqtisadi İttifaqının yradılması ilə bağlı keçirilən mərasim zamanı çıxış edib.
Qırğızıstan isə 2011-ci ilin yazında İttifaqa qoşulmağı qərarı alıb. 6 aydan sonra bu barədə rəsmi ərizə göndərib. "Yol xəritəsi"nə əsasən Qırğızıstan 2015-ci ildə Gömrük İttifaqının tamhüquqlu üzvü olacaq.
Aydan Axundova
AzNews.az