“Bu sual ömrümün axırına gədər mənə əziyyət verəcək“- Mətanət Əzizova

30 May 2014 14:52 (UTC+04:00)
Həbsdə olan jurnalist Rauf Mirqədirovla bağlı cinayət işində şahid kimi dindirilən və sonra ölkəni tərk edən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Facebook sosial şəbəkə vasitəsilə AzadlıqRadiosunun suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Mətanət xanım, Bakıdan qəfil getdiniz və müəmmalar yarandı. Sizə qarşı təzyiqlər olacağı barədə iddialar səslənir. Yəni ölkəni bu səbəbdən tərk etdiyiniz deyilir.

- Mayın 1 və 2-si prokurorluqda şahid qismində dindirildim. Suallardan, cümlələrdən, zarafatlardan, hərəkətlərdən, masanın üstündə olan sənədlərdən və s. dərhal başa düşdüm ki, əsas suallar Leyla Yunusla bağlı veriləcək. Müstəntiq onun haqda "o vətən xainidir", "ölkəni satıb" deyəndə bildim ki, bu oyunun əsas qəhrəmanı Leyla xanımdır. Fiziki zorakılıqla qarşılaşmamışam, amma Amerika filmlərindəki kimi yaxşı müstəntiq və pis müstəntiqi real həyatda gördüm.

- İstintaqda sizə hər hansı təzyiq oldumu və ya şahiddən təqsirləndirilən şəxsə çevriləcəyinizə aid hər hansı eyham vuruldumu? Və Leyla xanımın bu cinayət işinin "əsas qəhrəmanı" ola biləcəyi halda sizi hansı təhlükə gözləyirdi?

- Mən bu suala cavab verməyə psixoloji cəhətdən hələ hazır deyiləm, müalicəni 2 gün əvvəl bitirmişəm, indi psixoloqun yanına gedirəm. Sadəcə onu deyə bilərəm ki, kiməsə qarşı yalan ifadə verə bilmərəm, yalandan necə deyim ki, Leyla xanım bu ölkəyə qarşı hansısa addım atıb. 13 ildir ki, onun yanındayam. Bu 13 ildə onun tərəfindən bu vətənə sevgidən, ağrıdan başqa heç nə görmədim. Mayın 2-si gecə xəbər elədilər ki, səhər səni həbs edəcəklər, gecəykən çıxmalısan. Səhərə yaxın sərhədi keçdim və sonra da eşitdim ki, evimizə 7-8 polisin müşayiəti ilə prokurorluğun nümayəndələri gəlib. Axtarış adı ilə gəliblər, amma əsas məqsəd həm də məni həbs etmək olub.

- Rauf Mirqədirovun həbsindən, Leyla Yunusun Bakı aeropotunda saxlanmasından sonra özünüzün də istintaqa çağrılacağınızı gözləyirdinizmi?

- Düzünü deyim ki, yox. Düşünmədim ki, bizi ona qarşı istifadə etmək istəyərlər.

- Deyirsiz ki, həbs olunacağınızla bağlı xəbər aldız. Bəs ailənizi niyə özünüzlə aparmadız?

‑ Bu sual ömrümün axırına gədər mənə əziyyət verəcək. Xəbər gələndə 15 dəqiqəyə çantamı yığdım, yoldaşıma da əməlli-başlı heç nə başa salmadım. Soruşanda ki nə olub, dedim nə qədər az bilsən, o qədər çox yaşayarsan (rus atalar sozu). Oğlumun 18 yaşı var, həyatda bir çox problemlərlə üzləşib. Evdən çıxanda yadımıza düşdu ki, onun xarici pasportu hələ hazır deyil. Yəni ölkədən çıxmaq üçün sənədi yox idi. Onda oğlum dedi ki, mama, sən get, birdən kimsə gəlsə, sənə xəbər edecəm. Səhərisi gün qonşu, "jek" işçisi, işıqçı, liftçi, daha kimlər gəlmədi ki, harda olduğumu öyrənsin. Evdən yoldaşımla çıxdıq, o məni Gürcüstana apardı, sonra da Bakıya qayıtdı.

- Hazırda həyat yoldaşınız və oğlunuz Bakıdadı. Onlara ölkəni tərk etməyə imkan verilmədi. Bunu özünüzə qarşı təzyiq sayırsızmı?

- Sual yaranır, niyə axı mənim ailəmi ölkədən buraxmırlar. Onlar ki bu işdə şahid qismində deyillər, cəmiyyətə təhlükə hesab olunmurlar, cinayətkar deyillər. Mən isə şahid qismində bütün suallara cavab vermişəm, evimdə axtarış ediblər, istintaqa aid olmayan sənədləri, avadanlıqları götürüblər. Niyə onları ölkədən çıxmağa qoymurlar? Cavabımız budur ki, qayıtmağım üçün onları əsir kimi saxlayırlar.

- Ananız hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sizə xitabən "ölsəm də ölkəyə qayıtma" mesajını verdi. Ölkəyə qayıdacaqsız, yoxsa, siyasi sığınacaq alacaqsız?

- Anam özü də bunu mənə dedi. Dedi ki, sən təhlükəsizlikdə olsan, mənə yaşamaq daha rahat olar. Siyasi sığınacaq istəməmişəm və hələlik bunu etmək fikrim də yoxdur. Bakıda evim, işim, sınaqdan keçmiş dostlarım var. Situasiyaya baxacam. Baxacam ki, bu məsələ nə ilə bitəcək.

- Mətanət xanım, əgər sirr deyilsə, indi hardasınız? Hansı ölkədəsiz, təhlükəsizliyiniz nə qədər təminatlıdır?

- Hüquq müdafiəçilərinin proqramı ilə Avropadayam. Ailəm yanımda olanda, özümü tam təhlükəsiz hiss eləyərəm.

AzNews.az