Qabil Hüseynli: “Putinlə Nazarbayevin baxışındakı fərqlər indidən sezilir”

31 May 2014 07:32 (UTC+04:00)
Politoloq Qabil Hüseynli mayın 29-da Qazaxıstanda Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzalanmasına münasibət bildirib.

AzNews.az-a açıqlama verən Qabil Hüseynlinin fikrincə, Rusiya prezidenti Vladimir Putin SSRİ kimi olmasa da, həmin formatda ümumi bazar ölkələri birliyinin modelini işləyib hazırlamaq niyyətindədir: "Hələlik bu iqtisadi birlik kimi təqdim edilir. Yəni burda ölkələrin iqtisadi potensialını koordinasiya edilməsi və nəticə etibarilə iqtisadiyyatların bir-birinə yaxınlaşdırılması prosesi gedir. Amma belə hesab edirlər ki, bazar prinsipləri deyiləndə həm də vahid mərkəzdən ümumi bazara nəzarət nəzərdə tutulur".

Ekspert bildirib ki, belə olacağı halda, bazara koordinatorluğu Rusiya edəcək. Onun fikrincə, Qazaxıstan SSRİ-nin bərpasına tərəfdar deyil və özünün suverenliyini məhdudlaşdıracaq hər hansı birliyə qoşulmayacağını da dəfələrlə bəyan edib.

"Nazarbayevi Avrasiya İttifaqına baxışıyla Putinin yanaşması arasındakı fərqlər indidən müşahidə olunur" - deyən Q. Hüseynlinin qənaətinə görə, qazax lider Avrasiya İttifaqı ideyasına sırf iqtisadi əməkdaşlıq kimi baxır.

"Gələcəkdə bu birliyə digər MDB dövlətləri, o cümlədən Azərbaycan da daxil ola bilərmi" sualına politoloq belə cavab verib: "Müqavilə imzalansın, mexanizm qurulsun. Əgər burda Avropa Birliyi modeli olacaqsa, digər ölkələr də daxil ola bilərlər. Avropa Birliyinə daxil olmaq və çıxmaq asan məsələdir, heç kimə təzyiq göstərilmir. Astanada imzalancaq saziş Avropa Birliyinin prinsiplərinə yaxın olacaqsa, müstəqil dövlətlərin suverenliyini məhdudlaşdırmayacaqsa, üzvlərin sayı arta bilər".

Qeyd edək ki, müqaviləni Rusiya, Qazaxıstan və Belarus prezidentləri imzalayıb.

İntiqam Valehoğlu
AzNews.az