Kiyev snayperlərin nəzarətində - İnauqurasiyaya saatlar qaldı
7 İyun 2014 10:04 (UTC+04:00)
Ukraynanın yeni prezidentinin andiçmə mərasimi ilə bağlı ölkədə və xüsusilə də paytaxt Kiyevdə təhlükəsizlik tədbirləri sərtləşdirilib. AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bu gün ölkənin yeni prezidenti Petr Poroşenkonun vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçiriləcək. Artıq bununla bağlı Kiyevin giriş-çıxış və keçələrində ciddi təhlükəsizlik tədbirləri gücləndirilib. Mərasim keçiriləcək əraziyə yaxın bütün tikililərin üzərində postlar qurulu və kəskin nişançılar yerləşdirilib.
Prezidentin Mühafizə İdarəsinin rəisi Valeriy Qeletey bununla bağlı açıqlmasında deyib ki, qurumun bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq. Rəsmi mərasimin keçiriləcəyi əraziyə giriş yalnız dəvətnamə və ciddi yoxlamalarından sonra mümkün olacaq. Bundan başqa mərasimin təhlükəsizliyinin təmin olunması üçün xüsusi qərargah da yaradılıb. Qərargahın təlimatına əsasən, artıq şübhə yaradan bütün məqamlar - çardaq, dam, həyət, kanalizasiya kollektorları, küçə və dalanlar yoxlanılıb. Bu proses mərasimin sonlarına qədər nəzarətdə saxlanılacaq.

Aydan Axundova