AYB rəhbərliyində daha bir qalmaqal

5 Sentyabr 2012 15:47 (UTC+04:00)


Ötən gün "Ulduz" jurnalının redaktoru, yazıçı Elçin Hüseynbəyli saytımıza verdiyi açıqlamada Azərbaycanda keçirilən ədəbiyyat müsabiqələrinin yalnız düşmənçilik yaratdığını və münsiflərin ədalətli qərar qəbul etmədiklərini söyləyib. Onun bu dedikləri birmənalı qarşılanmayıb. Hətta təmsil olunduğu Azərbaycan Yazıçılar Birliyində də buna qarşı çıxanlar tapılıb. AzNews.az-a danışan AYB-ın katibi, Milli Kitab Mükafatının münsiflər heyətinin üzvü Rəşad Məcidin mövqeyi isə daha sərt oldu:

"Bunu deyənlər çox haqsız, insafsız, ədalətsiz və qeyri- obyektiv insanlardır. Elə Milli Kitab Mükafatının özünü götürək. Son illərdə istər ədəbi mühitin, istərsə də ədəbiyyatın təbliğində bu mükafatın böyük rolu oldu".

R.Məcid dedi ki, xüsusən indi, kitab mağazaları, oxucuların az olduğu bir şəraitdə Milli Kitab Mükafatı ədəbiyyatı diqqət mərkəzinə çevirib: "Mükafat ədəbiyyatı diqqət mərkəzinə çevirdi. Bu mükafat həm ciddi rəqabət mühiti yaratdı, həm də oxucularda kitaba bir xeyli dərəcədə maraq oyatdı. Müsabiqələr dostbazlığa xidmət eləmir. Sadəcə olaraq, Azərbaycan mühitində əxlaq münasibətlər sistemi elə qurulub, reallıq elədir ki, obyektiv müsabiqələrin keçirilməsi çox çətin bir prosesdir. Elə Milli Kitab Mükafatında da ekspertlər var. Onların arasında da görürsən ki, təsirlər olur. Azərbaycandır, kimsə kiməsə ağız açır, xahiş edir. Kimsə yerlipərəstlik və digər prinsipləri tutaraq kiməsə güzəşt edir. Amma bunlar nisbidir. Demək olmaz ki, hamısı belədir. Hər-halda Milli Kitab Mükafatı keçirilən müsabiqələrin arasında hesab edirəm ki, ən ədalətlisidir".

Bahar
AzNews.az