“ANS “Qulp”a görə mənə minnətdar olmalıdır” - Aşıq

10 İyun 2014 11:30 (UTC+04:00)
"Azərbaycan tamaşaçısının hər zaman "Qulp"a ehtiyacı var. "Qulp" çox gözəl veriliş idi". Bunu AzNews.az-a açıqlmasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, ANS tv-də yayımlanan "Qulp" verilişindən tanıdığımız "Aşıq Yadiyar" - Yadigar Muradov deyib.

O, "Qulp"un fəaliyyətini dayandırmasından təəssüfləndiyini bildirib: "Mübariz Əsgərov "Xəzər" TV-də yeni layihəyə -"Rezonans"a başladı. Bundan sonra ANS-də "Qulp" bağlandı. Əslində, "Qulp" verilişi böyük yol gəlmişdi. Təklif etdim ki, alternativ veriliş hazırlansın, fikrim də bəyənildi. Amma hələ real bir iş yoxdur. Hər bazar günü tamaşaçı o verilişi gözləyirdi. Amma indi bu veriliş yoxdur. Mən "Qulp" üçün çox darıxıram".

Y. Muradov əlavə edib ki, "Qulp" üçün təmənnasız işləyib: "Demək də yaxşı çıxmaz, biz "Qulp"da maaş almadan iştirak edirdik. Yəni, oradan heç nə ummurduq. Verilişin fəaliyyəti dövründə bir qəpik də qonorar almamışam. Açığı, tamaşaçıların "sağ ol" sözünə görə, bu verilişə gedirdim. Əlbəttə, cəmiyyətə məni tanıtdıran "Qulp" olub. Mən buna görə ANS kanalına və "Qulp" verilişinə minnətdaram. Amma onlar da mənə minnətdar olmalıdır ki, onların efirini təmənnasız bəzəmişəm".

Bahar Rüstəmli
AzNews.az