“Bu, dövləti sarsıtmaq siyasətidir” – Sabir Rüstəmxanlı (FOTOLAR)

11 İyun 2014 11:12 (UTC+04:00)
Azərbaycan Dil Qurumu "Milli İdeologiya məsələləri; türkçülük və azərbaycançılıq" mövzusunda elmi konfrans keçirib. AzNews.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Dil Qurumunun sədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Dil Qurumu daim milli mədəniyyət və ideologiya məsələlərini diqqətdə saxlayır. S. Rüstəmxanlı deyib ki, bəzi qüvvələr azərbaycançılıq və türkçülük arasında bir sərhəd yaratmaq istəyindədir: "Mədəniyyət və mənəviyyat sahələri həmişə diqqət mərkəzində olmalıdır. Azərbaycanda türkçülük və azərbaycançılıq barədə çoxsaylı əsərlər yazılıb. Milli ideologiya son 200 ildə şəxsiyyətlərimizin səyi nəticəsində formalaşmış bir düşüncə sistemidir. Təəssüf ki, bu gün azərbaycançılıq və türkçülük arasında sərhəd çəkmək istəyən müəyyən qüvvələr var. Azərbaycanda həmçinin, türkçülüyün əhəmiyyətini itirdiyi barədə düşünən insanlar da mövcuddur. Bütövlük, azərbaycançılıq, türkçülüyü ayırmaq və bunları inkar etmək olmaz. Bu, dövləti sarsıtmaq siyasətidir. Hesab edirəm ki, dövlət-millət konsepsiyamızın əsasında duran məhz türk millətidir".

O, dünyada anti-türkçülük hərəkatının mövcud olduğunu da qeyd edib: "Bu düşmənçilik hələ də hökm sürür. Biz dil qurumu olaraq, bütün qüvvəmizlə çalışacağıq ki, türkçülük ideologiyasına kənar qüvvələrin təsirinin qarşısını alaq".

Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli vurğulayıb ki, son 20 ildə ölkəmizdə azərbaycançılıq, türkçülük, milliyətçilik, islamçılıq, qafqazçılıq, liberalizm, tutuculuq-mühafizəkarlıq-konservatizm kimi ideyalar yayılıb: "Amma hesab edirəm ki, cəmiyyətdə azərbaycançılıq, türkçülük ayrılmaz, bütöv şəkildə izah edilməlidir".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Faiq Qəzənfəroğlu "Türkçülük və azərbaycançılıq ideyası" mövzusunda etdiyi çıxışında deyib ki, türkçülüyü azərbaycançılığın tərkib hissəsi kimi qəbul etmək olmaz: "Çünki min illər boyu dövləti quran, yaradan türk ulusu olub. Bu gün bizim əksəriyyətimizin düşüncəsi sovet təfəkküründən kənara çıxmır. Niyə, 1936-cı ilə qədər türk dilini dəyişə bilmədilər? Çünki Sovet rəhbərliyi anlayırdı ki, millətin şüurunu dəyişmədən, onun dilinin adında dəyişiklik etmək mümkün deyil. 1937-ci il repressiyalarına qədər millətin şüurunu dəyişdirdilər. Azərbaycan bir dövlətin adıdır. Biz Azərbaycan deyəndə coğrafi ərazi nəzərdə tuturuq".

O qeyd edib ki, Azərbaycan türkü milli kimliyinə sahib çıxmalıdır. F. Qəzənfəroğlunun sözlərinə görə, bunun üçün islahatlar təhsildən başlanmalıdır.

Tarixçi-alim Məhərrəm Zülfüqarlı isə çıxışında deyib ki, bu gün Azərbaycan dilinin təbliğində xeyli problemlər mövcuddur: "Azərbaycanda beynəlxalq tədbirlər keçirilir. Bu cür yığıncaqlarda Azərbaycan dilində çıxışlar olmalıdır. Əvəzində isə belə toplantılarda çıxışlar xarici dildə aparılır. Bu da yolverilməzdir".
Tədbir müzakirələrlə davam etdirilib.

Amid Əyyuboğlu