Sayman Aruz üsyan etdi

6 Sentyabr 2012 13:01 (UTC+04:00)
Güney Azərbaycanda olan zəlzələdən zərər çəkmiş soydaşlarımıza dəstək kampaniyası ilə bağlı AzNews.az-a açıqlama verən gənc təşkilatçı İlkin Həsənovdan Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz arasında yaranan qalmaqal davam etməkdədir.

Sayman Aruz AzNews.az-a açıqlamasında İlkin Həsənov adında şəxs tanımadığını dedi: "İlkin Həsənov kimdir? Biz belə bir adam tanımırıq. Biz onunla internetdə salamlaşmışıq. Onun bu işdə bizə bircə köməyi dəyib. 5 dəqiqə vaxtını ayırıb "event" yaradıb, vəssalam".

S.Aruz bildirdi ki, o, Cənubi Azərbaycan şöbəsinin müdiridir. Onun fikirincə bu kampaniya çoxdan başlanılıb: "Mən müsahibədə bizə yardım edənlərin arasında 2-5 nəfər hörmətli adamların adını hallandırmışam. O gündən bu adam bizdən əl çəkmir. Deyir ki, "mənim adımı niyə demirsiniz. Mən də sizə yardım etmişəm".

Adam bu qədər şöhrətbaz olmaz. Bu qədər əziyyət çəkirik. Adımız heç yerdə yoxdur. Mən heç nə mənimsəməmişəm. Biz də burada oturub millətə işləyirik. 3 ildir ki, burada əziyyət çəkirəm. Adamdan soruşmazlar ki, sən onda haradaydın?

Uşağımın boğazından kəsib bura xərcləmişəm. Nədir ki, bura bağlanmasın. İndi Cənubi Azərbaycana yardım edirik deyə hamı hay-küy salır. Deyirlər ki, sən yedin, mən qaldım. Bura rəsmi dövlət qurumudur. Anar və Fikrət müəllimin nəzarəti altında olan şöbədir. Buradan bir qəpik də o yan-bu yana ola bilməz".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Bahar
AzNews.az