Partiya sədrləri niyə birləşmək istəmir?

6 Sentyabr 2012 15:09 (UTC+04:00)
"Partiyada mübarizə üsulu gündəmə gətirilirsə, bu, normal qarşılanmalıdır. Reallıqdan doğan məsələlər var. Onları analiz edib, doğru-dürüst nəticə çıxarmaq lazımdır". Bu sözləri AzNews.az-a Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Fikrət Cəfərov deyib.

O bildirib ki, KXCP sədrinin nə istədiyi anlaşılan deyil: "Mirmahmud Mirəlioğlunun nə istədiyini deyə biləmrəm. Hesab edirəm ki, partiyada olan insanların fikrinə hörmətlə yanaşmaq lazımdır. Qaya Əliyevin 3 partiyanın birləşməsi təklifi çox uğurludur. Bu təklifə görə partiyadaxili gərginliyin yaranması müsbət hal deyil. Burada bəzi məsələlər var ki, onlara toxunmaq istəmirəm. Zamanı gələndə hər şeyi açıqlayacam".


Partiya funksioneri vurğulayıb ki, KXCP, AXCP və Müsavat bu birləşmədən narazıdır: "Çox yaxşı olardı ki, hamı bu təklifə müsbət yanaşsın. Amma partiya sədrləri bu birləşməyə etinasız yanaşır. Burada sədrləri anlayıram, hərəsinin bir postu var ətrafında da 5-10 nəfər. Bunlar elə bilirlər ki, hər zaman belə olacaq.

Nəzərə alsınlar ki, son 10 ildə partiya sədrlərindən başqa bütün postlar dəyişib. Bu funksionerlər səmərəli iş görmək istəyirlər. Ona görə də nə isə alınmayanda gedirlər. Adı çəkilən təklifin həyata keçməsi superpartiyanın yaranması olacaqdı. Və burada partiya sədrləri hökmvermə metodundan yayınacaqdılar. Artıq, partiya oyunlarını bitirmək lazımdır".

İlkin
AzNews.az