Yazarlarımızın hekayələri ingiliscə təqdim olundu – Tədbir
24 İyun 2014 16:37 (UTC+04:00)
Bu gün Jurnalist Ekspert Mərkəzinin (JEM) "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" adlı 4 aylıq layihə çərçivəsində hazırladığı eyniadlı ingiliscə kitabın təqdimatı olub.
AzNews.az xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunub. Nəşrdə Azərbaycanın 18 tanınmış yazarının ingilis dilinə tərcümə olunan hekayələri yer alıb.
Hekayələri Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günya Rəhimova, mətnləri isə amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.
QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağıdakı müəlliflərin hekayələri yer alıb:
1.Musa Quliyev ( Urud) - "Uruda iki səfər"
2. Əgdər Ol - "Kamança"
3. Rəşad Məcid - "10 sentyabr"
4. Səlim Babullaoğlu - "Yağışlı axşamların birində".
5. Məqsəd Nur - "Ud"
6. Afaq Şıxlı - "Bir insan ömrünün son gecəsi"
7. Şahnaz Kamalova - "Savalan"
8. Kamran Nəzirli - "Ağ ev"
9. Xalid Kazımlı - ""Pəncşir aslanı"nın bənzəri"
10. Kənan Hacı - "Boz ilan"
11. Şərif Ağayar - "Anaxanım"
12. Natiq Məmmədli - "Xəlbr".
13. İlqar Rəsul - "Xərçəng və qırmızı tramvay"
14. Azər Abdulla - "Bazarlıq"
15. Qan Turalı - "Gənc qadının və Şaxta babanın qətli"
16. Fəxri Uğurlu - "Leylinin məcnunluğu"
17. Vüsalə Məmmədova - "Rəngləyən"
18. Nicat Qafuroğlu - "O"
Tədbirdə millət vəkilləri Musa Quliyev (Urud), Adil Əliyev, BDU-nin professoru Cahangir Məmmədli, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, "Qafqazinfo"nun rəhbəri Elbrus Ərud, Mətbuat Şurasının üzvü Aydın Quliyev, Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu, hekəyələrin müəllifləri və başqaları çıxış ediblər.
JEM rəhbəri Ceyhun Musaoğlu deyib ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı:
"Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər".
Qeyd edək ki, bu, Azərbaycanda ilk belə layihədir.

İntiqam Valehoğlu
AzNews.az