Erməni etnoqraf: “Türkiyəni Qafqaz probleminin həllinə yaxın buraxmaq çox təhlükəlidir”

7 Sentyabr 2012 08:21 (UTC+04:00)


Erməni etnoqraf, Rusiyada Qafqazşünaslar Elmi Cəmiyyətinin erməni filialının sədri Qranuş Xaratyanın AzNews.az-a eksklüziv müsahibəsi:

- Bir neçə gün bundan əvvəl Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə danışıqları Türkiyədə aparmağı təklif etdi. Bu təşəbbüsə İrəvanda münasibət necə oldu?

- Əhməd Davudoğlunun bu təklifi, Türkiyənin çoxdan arzusunda olduğu - bütövlükdə Cənubi Qafqazda, xüsusən Ermənistan-Azərbaycan münasibətlərində aktiv rol olmaq üçün etdiyi cəhdin bir formasıdır.
Hələ bu ilin əvvəlində (14 fevral 2012-ci il) vesti.az saytında http://www.vesti.az/news.php?id=106859 belə bir məlumat dərc olunmuşdu ki, guya, Alman Bundestaqının XDS/XSS fraksiyası Dağlıq Qarabağla bağlı sənəd qəbul edib və həmin sənədin yeddinci maddəsində deyilir ki: "Türkiyəyə regionda konfliktin "ədalətli və konstruktiv" həlli üçün kömək etmək lazımdır".

Fikirləşmirəm ki, kimsə bu informasiyaya ciddi yanaşıb, amma məni bu ölkə ilə bağlı 2 söz - "ədalətli və konstruktiv"- təəccübləndirdi. Çünki bu ölkə daxili etnik münaqişələrlə silkələnir və son yüz ildə münaqişələrin həllində tamamilə ədalətsiz və qeyri-konstruktiv mövqe sərgiləyib. Bu cür "təcrübə" ilə Türkiyəni Qafqaz probleminin həllinə, özü də etnik zəmində olan problemə yaxın buraxmaq çox təhlükəlidir. Münaqişənin Türkiyəyə xas həllinə isə ümumiyyətlə, toxunmaq istəmirəm.

- Cəbhə xəttində vəziyyəti necə qiymətləndirirsiz? Hər gün bu və ya digər tərəfdən əsgərlər ölür...

- Cəbhə xətti - ölkələrin məsələyə siyasi yanaşmalarının güzgüsüdür. Cəbhə xəttində tərəflərin təşəbbüsü ilə bağlı danışmayacağam, ancaq onu deyə bilərəm ki, çox təəssüf ki, tərəflərdən biri siyasi arenada hərbi ritorikadan daha çox istifadə edir və " yalnız bir tərəfin maraqlarının təmin olunmasında israrlıdır".

- Belə bir məqamda vasitəçilərin indiki fəaliyyətini necə qiymətləndirmək olar? Sizə elə gəlmir ki, son zamanlar vasitəçilərin fəaliyyəti daha passivləşib?

- Bəli, ən azı onu demək olar ki, çox tənbəl tərpənirlər. Yəqin ki, " bizim münaqişədən" yorulublar, üstəlik vasitəçilərə xarici təzyiqlər də var. Hesab edirəm ki, Fransanın simasında etimadsızlıq və Yaxın Şərqdə baş verən hadisələrə daha güclü marağın olması kimi amillər də buna təsir edir. Eyni zamanda Minsk qrupuna daxil olan ölkələrin əksəriyyəti ərəb ölkələrində baş verən hadisələrə daha çox diqqət ayırır.

- Mən bildiyim qədər, Rusiyadan bir milyard dollar kredit alınması ilə bağlı erməni cəmiyyətində fikir ayrılığı var. Bir qisim (bəzi məlumatlara görə yüksək rütbəli məmurlar) hesab edirlər ki, kreditin ölkəyə siyasi təsirləri olacaq, digər qisim isə hesab edir ki, kreditin alınması Ermənistan iqtisadiyyatının xilası üçün həyati vacibdir. Bu barədə sizin fikrinizi bilmək maraqlı olar...

- İstənilən xarici borc, xüsusilə böyük ölçüdə, siyasi təsirlərlə müşahidə olunur. Boğazına qədər rüşvətə qurşanmış ölkələrdə isə bu daha çox baş verir.

- Bir müddət əvvəl Ermənistan KİV-i Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilə biləcəyi ilə bağlı məlumat yaydı. Düzdür, mən bildiyim qədərilə məlumatı yayanlar sonradan təkzib verdilər, üstəlik Suriya ermənilərinin istənilən halda münaqişə zonasında məskunlaşmaqdan imtina edəcəyini yazdılar. Yenə də, bilmək maraqlı olardı: bu təşəbbüs nə qədər realdır?

- Dağlıq Qarabağda qaçqınların yerləşməsi, istər Azərbaycandan olsun, istər Suriyadan, ilk növbədə qaçqınların özlərinin və Dağlıq Qarabağ əhalisinin seçimidir. Ermənistanın belə bir təşəbbüsü olmayıb. Mən bilirəm sizin üçün buna inanmaq çətindir, amma bu həqiqətən də belədir. Qarabağda indi də müxtəlif ərəb ölkələrindən çıxmış ermənilər yaşayır. Mən fikirləşirəm ki, suriyalı qaçqınlar Qarabağı seçərlərsə, qarabağlılar onları qəbul edəcək və şəxsən mən bundan sadəcə şad olaram.

- Suriyada hadisələrin gələcək inkişafı ilə bağlı proqnozlarınız nədir?

-Mənim üçün bu çətin sualdır. Mən suriyalılara acıyıram. Ümumiyyətlə, insanların ölümü həmişə ağrılıdır. Mənim üçün Suriya ərəb ölkələri arasında öz vətəndaşları üçün daha açıq ölkədir və son zamanlar təsdiqlənir ki, hökumət qüvvələrinə qarşı mübarizəyə böyük kütlə qoşulmur. Ancaq bununla belə, daha böyük və güclü xarici təsir Suriyadakı vəziyyəti mənfiyə doğru kəskin dəyişə bilər. Hazırda hadisələrin istənilən istiqamətə inkişafı, bu ölkənin əhalisi üçün təhlükəlidir və üsyançılar qələbə çalarlarsa, bütün regionda balans dəyişəcək.

- Sizcə İran ətrafında vəziyyət nə qədər tez gərginləşə bilər? İrana raket hücumları edilə bilərmi və bunun Azərbaycan və Ermənistana hansı təsirləri ola bilər?

- Fikirləşirəm ki, İran sıyrılıb çıxacaq. Əks halda İrana endirilən raket hücumları nəinki Azərbaycana, həm də Ermənistana təsir edəcək. İrana qarşı istənilən hərbi müdaxilə, bir çox maraqlı tərəfləri bir-birinə vuracaq. İrana qarşı hərbi əməliyyatlar sözsüz ki, regional xarakterli olmayacaq. Asiya "ayaqlanır" (artıq oturmayıb, ayaq üstədir).

P.S. Mən erməni ekspertlə mübahisə etməyi o qədər də lazım bilmirəm. Biz tamamilə əks qütblərdə dayanmışıq və heç kim qarşı tərəfə nəyisə isbat edə bilməz. Bizim üçün aydın olan odur ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. O da aydındır ki, qarşı tərəf bunu qəbul etmək istəmir və elə ona görə də, bu cür mübahisələr vaxt itkisindən başqa bir şey deyil...

Həmid Həmidov
AzNews.az