Rafael Hüseynov Avropa Şurasının bəyanatına cavab verdi

7 Sentyabr 2012 08:46 (UTC+04:00)


Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası ərəfəsində son iclasını keçirən Hüquqi işlər və insan haqları komitəsi bir sıra mühüm məsələrin və məruzələrin müzakirəsi ilə yanaşı, Ramil Səfərovla əlaqədar müzakirələri də gündəliyə daxil edib.

Səfərovun ekstradisiyası və əfv edilməsinin nə dərəcədə qanunuyğun olması ətrafında gedən diskussiyalarda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edib. Azərbaycanlı deputat çıxışında ayrı-ayrı komitə üzvlərinin, o cümlədən ermənistanlı deputat A.Rustamyanın əsassız iddialarına kəskin cavab verib.

"Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla əlaqədar məsələnin Hüquqi işlər və insan haqları komitəsində müzakirə edilməsini müsbət qiymətləndirirəm. Çünki bu problem Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan ərazilərinin 20 faizinin zəbt edilməsi, 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsi, minlərlə insanın həyatını itirməsi, ömürlük şikəst olması ilə nəticələnən və 20 ildən artıq müddətdə davam edən işğalçı müharibə ilə bilavasitə bağlıdır. Ramil Səfəriov məsələsindən hər dəfə bəhs edərkən mütləq bu münaqişənin təfərrüatlarını da dilə gətirməliyik. Açdığınız müzakirələr hər dəfə bizə bu məsələni bir daha diqqətə çatdırmağa imkan verəcək". - Hüseynov aparılan müzakirələr və məsələnin mahiyyəti ilə bağlı deyib.

O qeyd edib ki, Ramil Səfərov hadisəsi həmin işğalçı müharibə ilə birbaşa bağlıdır, həmin münaqişənin fəsadlarından biri kimi qavranılmalıdır və heç vəchlə ayrıca deyil, məhz həmin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində arışdırılmalıdır. Çünki Ramil Səfərov özü də hazırda Ermənistanın işğalı altında olan Azərbaycan rayonundandır, onun qohum-əqrəbası, ailəsi illərdir ki, qaçqın həyatı yaşamağa məcburdur, erməni yaraqlıları Ramil Səfərovun gənc bir qohumunu işğal zamanı qətlə yetiriblər və bu hadisələrin içərisində olan cavan zabitin ruhi vəziyyətini anlamaq lazımdır.

"Həm də Azərbaycan zabiti bu hadisəni mülki bir situasiyada deyil, hərbi şəraitdə, Macarıstanda təlimlər keçərkən törədib. Durduğu yerdə də deyil, Ermənistandan olan həmkarının Azərbaycanın, Azərbaycan bayrağının, Ramil Səfərovun ailəsinin ünvanına ən müxtəlif və ardıcıl təhqirlərindən sonra emosional gərginlik vəziyyətində törədib. Təbii ki, hər bir ölüm faciədir və biz bu qətli təqdir etmirik. Lakin hadisənin hansı şəraitdə törədildiyi də nəzərdən qaçırılmamalıdır. Hər cinayət əməlinə görə cəzanın da təbii hüdudu var. Təəssüf ki, Macarıstan məhkəməsi xeyli dərəcədə erməni lobbisinin təzyiqləri və yaratdığı beynəlxalq ajiotaj sayəsində Ramil Səfərova həddən artıq ağır cəza - ömürlük həbs müəyyən etmişdi. 2011-ci ilin 22 iyulunda Osloda ikiqat terror törədərək 77 nəfəri qətlə yetirmiş Norveç vətəndaşı Anders Breyvikə lap bu yaxınlarda vur-tut 21 il həbs cəzası verildi, Ramil Səfərova isə affekt halında törətdiyi əmələ görə ömürlük həbs. Əlbəttə ki, ədalətsiz yanaşmadır", - o deyib.

Azərbaycan nümayəndə heyətinin üzvü bildirib ki, Ramil Səfərovun Azərbaycana təhvil vetrilməsinə gəlincə, bu, "Məhkum olunmuş şəxslərin ekstrasdisiyası haqqında Avropa Konvensiyası"na tam uyğun olaraq gerçəkləşdirilbi, Azərbaycan Prezidentinin onun əfv edilməsi haqqında sərəncamı da ölkə konstitusiyası və qanunvericiliyinə dəqiqliklə əməl edilməklə həyata keçirilib. Yəni hər şey tam qanun çərçivəsindədir və bu addımlara qarşı istənilən etirazlar hissiyatdan başqa bir şey deyil və heç bir nəticə verməyəcək.

"Avropa Konvensiyasında hansısa boşluqlar görürsünüzsə, bu istiqamətdə müzakirələr aparıla, hətta gələcəkdə konvensiyada hansısa dəyişikliklər də edilə bilər. Lakin bunun Ramil Səfərova heç bir aidiyyəti olmayacaq. Çünki qanunun geriyə gücü yoxdur, qanun geriyə işləmir. Ermənistan tərəfinin Ramil Səfərovun dərhal əfv edilməsinə qarşı etirazlı hay-küylərinə gəlincə, diqqətinizə çatdırmaq istərdim ki, bu sahədə təşəbbüskarlıq elə Ermənistanın özünə məxsusdur. Dünya terror şəbəkəsinin ən qəddar qatillərindən biri kimi məşhur olan erməni Monte Melkonyan vaxtilə törətdiyi cinayətlərə görə Parisdə mühakimə edilmiş və sonra Fransa hökuməti tərəfindən Ermənistana ekstradisiya edilmişdi. Ermənistanın onu dərhal əfv etməsi bir yana, bu qatı terrorçuya rəsmən prezident fərmanı ilə Milli Qəhrəman adı verilmişdi", - Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin Ramil Səfərovu əfv etmək qərarı isə həm də Azərbaycan cəmiyyətindən gələn sifarişdir, Ramil Səfərov kimi 1 milyon qaçqını olan ölkənin istəyidir. Ermənistan tərəfi məsələyə konstruktiv yanaşsa, əksinə, görər ki, belə bir qərarın verilməsi münasibətləri kəskinləşdirməyə deyil, tarım çəkilmiş hissləri toxtatmağa, sakitləşdirməyə yönəlib. Məgər Avropa Şurasının istədiyi də elə bu deyilmi?

"Hüquqi müstəvidə belə müzakirələr aparılmağına etiraz yoxdur və bəlkə də soyuq başla aparılan bu qəbildən olan nəzəri diskussiyalar əhəmiyyətlidir. İndiki halda narahatlıq doğuran başqa məqam Ermənistan dövlətinin son dərəcə aqressiv mövqeyidir. Ermənistan Parlamentinin üzvü, Ermənistanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Artaşes Geqoamyan müsahiblər dərc etdirərək, bəyanatlar verərək ermənilərin XX əsrdə Azərbaycan və türkiyəli diplomatlara, dövlət adamlarına, siyasi xadimlərə qarşı törətdiyi terror aktlarından bəhs edib, bir-bir onların adlarını sadalayıb və açıqca hədələyib ki, indi həmin hərəkətlər Azərbaycan dövlət xadimləri və siyasətçilərinə tətbiq ediləcək. Biz bunları yolverilməz sayır, qətiyyətlə rədd edirik, Avropa Şurasını dəvət edirik ki, Ermənistanı belə qanunazidd addımlar atmaq, belə məsuliyyətsiz bəyanatlar verməkdən çəkindirsin. Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsi və Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi hüququn, qanunçuluğun tələblərinə tam riayət etməklə yerinə yetirilib və artıq bitmiş olan məsələdir, tarixin arxada qalan səhifəsidir. Bütün isterikalara baxmayaraq, burada nəsə dəyişiklik etmək daha mümkün deyil. Qarşılıqlı ittihamlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir", - o deyib.

Hüseynov bildirib ki, Ramil Səfərovun azad edilməsindən narahatlıqlarını ifadə edən şəxslər və təşkilatlar daha əvvəl Azərbaycan torpaqlarının 20 il ərzində niyə işğaldan azad olunmamasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllinin niyə belə uzanmasına görə narahatlıq keçirsəydilər, daha yaxşı yaxşı olardı.

Deputat Rafael Hüseynovun çıxışı maraqla qarşılanıb, Hüquqi işlər və insan haqları komitəsinin üzvləri Diaz Tejera, Anton Belyakov, Mövlud Çavuşoğlu və digərləri söz alaraq məsələ ilə bağlı fikirlərini bildirib, Hüseynovun mövqeyini dəstəkləyiblər.

AzNews.az