Sovet ordusundan təyyarə qaçıran azərbaycanlı leytenant - FOTO
26 İyun 2014 12:35 (UTC+04:00)
"Şəki rayon Polis İdarəsinin rəis müavini Mahir İlyasov təyyarənin Şəkidə gizlədilməsini təşkil edir"
Hərbi jurnalist Asəf Quliyevlə müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi, baş-leytenant, şəhid Vaqif Qurbanov haqda danışıb.
- Asəf bəy, Vaqif Qurbanov bilirəm ki, igidliyi ilə seçilən adam olub. Amma bu gün ictimaiyyətə belə bir igidin adı o qədər də tanış deyil. Vaqif Qurbanov kim olub və onun döyüş yolu haqda nə deyə bilərsiniz?
- Əslən Tovuzun Qovlar kəndindən olan Vaqif Qurbanov Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Borisoqlebs Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqdan sonra Sitalçaydakı Aviasiya alayında xidmətə başlayıb. Sözügedən alay Əfqanıstan müharibəsi zamanı təşkil olunub və "Su-25" təyyarələri ilə komplektləşdirilib. "Su-25"lər Əfqanıstan müharibəsində SSRİ-nin istifadə etdiyi əsas təyyarələr idi.
- Onun adı tarixə Rusiya ordusundan təyyarə qaçırıb, yeni yaranan ordumuza təhvil verən kimi düşüb. Bu proses necə baş verib?
- 1992-ci ilin əvvəlində Ermənistandan Dağlıq Qarabağa uçuşların qarşısını almaq üçün Azərbaycan hakimiyyəti məxfi plan qurur. Plana görə, Sitalçaydakı hərbi aerodromdan təyyarə qaçırılmalı və Xocalı aeroportu dağıdılmalı idi. Həmin dövrdə Daxili İşlər Nazirliyində (DİN) məsul vəzifə tutan Akif Hacıyev Vaqif Qurbanovla əlaqə yaradır. DİN rəhbərliyi səviyyəsində Vaqif Qurbanovla görüş keçirilir. Vaqifə təklif olunur ki, təlim uçuşu vaxtı Xocalıya uçsun və aeroportu bombalasın. Bundan sonra Vaqif üçün başqa adla sənədlər hazırlanmalı və o, yeni adla başqa yerdə yaşamalı idi. Amma Vaqif bu planı real hesab etmir. Çünki təlim uçuşu vaxtı təyyarədə olan sursat bu plan üçün yetərli deyildi. Vaqif bu plandan imtina edir. Amma təyyarənin qaçırılması ideyasından imtina etmir. Alayda Vaqif Qurbanovla birlikdə xidmət edən texniki heyətdə də bu ideyaya tərəfdar çıxanlar olur. Beləliklə, Vaqif Qurbanov, Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bunyadov, Bəşir Əliyev, Tofiq Şalbuzov, Elman Cəlilov "Su-25"-i qaçırmaq qərarına gəlirlər. Həmin dövrdə Sürət Hüseynov Qarabağ istiqamətində yaranan özünümüdafiə batalyonlarının hamisi kimi tanınırdı. Təyyarəni qaçırmaq istəyən qrupdan bir neçə nəfər Yevlaxda Sürət Hüseynovla görüşür və ona bu plan barədə deyirlər. Sürət Hüseynov bu ideyanı bəyənir və istənilən köməyi göstərməyə hazır olduğunu deyir. Beləliklə, 8 aprel 1992-ci ildə plan həyata keçirilir. Bort nömrəsi 27 olan "Su-25" təyyarəsi Müstəqil Dövlətlər Birliyinin Sitalçaydakı Aviasiya Alayındandan qaçırılır. 12 dəqiqədən sonra təyyarə Yevlax Mülki Aeroportuna endirilir. Amma təyyarəni orada saxlamaq mümkün olmur. Moskvadan belə bir göstəriş verilir: ""Su-25" aşkar olunduğu yerdə xəbərdarlıqsız və qeyd şərtsiz məhv edilsin". Bundan sonra təyyarə Şəkiyə aparılır. Şəki rayon Polis İdarəsinin rəis müavini Mahir İlyasov təyyarənin Şəkidə gizlədilməsini təşkil edir. 1992-ci il mayın 8-də ermənilərin Şuşada hücumu xəbərindən sonra Vaqif və dostları təyyarəni saxladıqları yerdən çıxarırlar. "Su-25" ilk döyüş uçuşuna Şəkidən qalxır. Vaqif iki gün Şuşaya uçuş edir və hər dəfə də qayıtdıqdan sonra bildirir ki, verilən koordinatlarda heç nə yoxdur. Mayın 9-da Vaqif Şuşaya uçuşu zamanı idarəetmə mərkəzinə bildirir ki, Şuşa boşdur, şəhərdə heç bir hədəf yoxdur. Amma ona bildirilir ki, ermənilər maskalanıb. Vaqif bildirir ki, mən 50-100 metr hündürlükdə uçuram şəhər boşdur. Amma ona inanmırlar. 1992-ci il iyulun 12-də Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçir. Vaqif Qurbanov ermənilərin müdafiə xəttini yarır və bundan sonra Goranboy-Ağdərə istiqamətində uğurlu hücum reallaşır. İyulun 13-də Vaqif yenə Goranboy-Ağdərə istiqamətində işləyir. Ağdam-Əsgəran istiqamətində vəziyyət ağırlaşır. 3 döyüş uçuşundan sonra Vaqif Əsgərana uçur və vurulur. Həmin gün Vaqifin Əsgəran istiqamətində uçduğunu görmüşdüm. Amma çox keçmədi xəbər gəldi ki, təyyarəmizi vurdular. Bu təyyarənin rus bazasından oğurlandığını bilirdim. Amma həmin vaxt başqa heç bir məlumatım yox idi.
- Sizcə, nədən indiyə qədər onun haqqında hansısa sənədli film çəkilmir? Axı Vaqif Qurbanov yenicə qurulmaqda olan müstəqil ordumuzun ilk hərbi təyyarəçisi olub...
- Jurnalistlik fəaliyyətimə başlayandan sonra bu məsələni araşdırmaq qərarına gəldim. Amma dəqiq məlumat toplaya bilmirdim. Nəhayət, 2006-cü ildə Sürət Hüseynovla görüşdüm və ondan 1992-ci ildə qaçırılmış təyyarə barədə soruşdum. Sürət Hüseynov mənə Vaqifin Qovlardan olduğun dedi. Qovlarda qohumlarını tapdım. Onlar mənə Vaqifin həyat yoldaşının əlaqələrini verdilər. Həyat yoldaşı ilə görüşdüm. O da mənə dostu Fuadın nömrəsini verdi. Fuad vasitəsilə digər dostlarını da tapdım. Bayaq adını çəkdiyim Akif Hacıyevi də tapdım, amma o heç nə demək istəmədi. Bu barədə araşdırmamı ilk dəfə "GÜN səhər" qəzetində dərc elədim. 2006-cı ildə isə Mehriban Ələkbərzadə məni yenidən Space TV ilə əməkdaşlığa dəvət etdi və orada "Tam məxfi" silsiləsindən ilk filmim məhz Vaqif Qurbanov haqda oldu. Bir məqamı da qeyd edim ki, bu günə qədər nə Vaqif Qurbanov, nə də onun silahdaşları Azərbaycan Respublikasının fəxri ad və mükafatlarına layiq görülməyiblər. Vaqif Qurbanovun adı bu günə qədər heç yerdə çəkilmir. Ailəsinin Müdafiə Nazirliyinə ünvanlığı müraciətlərinə isə belə cavab verilir ki, o, heç bir hərbi hissədə qeydə alınmadığına görə haqqında heç nə edə bilməzlər. Halbuki Vaqifin Yevlaxın bir çox uçuşlarına hazırkı müdafiə naziri Səfər Əbiyev rəhbərlik edib. Səfər Əbiyev də, Nəcməddin Sadıxov da Vaqifi şəxsən tanıyıblar. Amma...

Elnur Eltürk
AzNews.az