Bəzi müəssisələrdə ciddi yoxlamalar aparılıb

7 Sentyabr 2012 09:39 (UTC+04:00)


Azərbaycanda bir sıra müəssisələrdə qida məhsullarının istehsalı və satışı qadağan edilib. Bu barədə AzNews.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus "Bizim ailə" nişanlı süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Müəssisədə istehsal olunan məhsulların müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturaları və texnoloji təlimatları mövcud deyil.

Bundan başqa, istehsalda texnoloji proseslər pozulur, nəzarət olunmalı göstəricilər gözəyarı müəyyən edilir. Markalanmada normativ sənədlərin tələbi pozularaq nəticədə istehlakçılar aldadılır. Belə ki, istehsalda sırf quru süddən istifadə olunduğu halda, etiketlərdə "camış qatığı" kimi yalnış məlumatlar göstərilir. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus sexdə "Bizim ailə" nişanlı 3,2% yağlılıqda qatığın, 15% yağlılıqda xamanın, dovğanın, pəhriz kəsmiyinin, qazlaşdırılmış ayranın və digər süd məhsullarının istehsalı və satışı qadağan edilib.

Dövlət Xidmətinin Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Xəqani küçəsi, 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülnar Vəliyevaya məxsus şirniyyat sexində apardığı araşdırma zamanı müəyyən olunub ki, şərq şirniyyatının təhlükəsizlik göstəricilərini təsdiq edən gigiyenik sertifikat və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən uyğunluq sertifikatı olmadan, həmçinin resepturasız məhsul istehsal olunur. Bundan başqa, hazır məhsulların mütəmadi olaraq sınaqları aparılmır, bunun üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə mövcud deyil. Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən protokol tərtib edilib, sexdə şərq şirniyyatının istehsalı və satışı qadağan olunub.

Dövlət Xidmətinin Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında fəaliyyət göstərən "Şirvan Sənaye Kombinatı-2" ASC-də kərpicin istehsalına dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən olunub ki, "Şirvan Sənaye Kombinatı-2" ASC-də istehsal olunan şaquli dəlikli yüngül fabrik kərpiclərinin uyğunluq sertifikatı, radiasiya sınaq protokolu və hazır məhsulun sınaqlarının aparılması üçün laboratoriya ilə müqaviləsi yoxdur, istismar olunan 35 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş halda istifadə olunur. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar "Şirvan Sənaye Kombinatı-2" ASC-də şaquli dəlikli yüngül fabrik kərpic məhsulunun istehsalı və satışı qadağan edilib.

Dövlət Xidmətinin Şəki Ərazi İdarəsi Qax şəhəri, M.Maqamayev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zəfər Abdullayevə məxsus alkoqolsuz içki istehsalı sexində dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsul istehsalı üçün sanitar norma və qaydalar pozulduğundan heç bir şərait yoxdur, müəssisənin sınaq laboratoriyası mövcud deyil, bundan başqa akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi də yoxdur. Həmçinin istifadə olunmuş şüşə butılkaların təkrar istifadəsində yuyulma texnologiyasına əməl olunmur, məhsulun sınaqları aparılmır, müəssisə normativ sənədlə təmin edilməyib. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar fiziki şəxs Zəfər Abdullayevə məxsus sexdə duşes limonadının satışı qadağan edilib.

Dövlət Xidmətinin Lənkəran Ərazi İdarəsi Lənkəran rayonu, Xarxatan kəndində fəaliyyət göstərən "Xarxatan kərpic istehsal kooperativi"ndə keramik daş və kərpic istehsalına dövlət nəzarəti aparıb. Araşdırma zamanı istehsal olunan məhsulların AZS Milli sertifikatlaşdırma qaydalarına zidd olaraq sertifikatlaşdırılmadığı, istismar olunan ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi və s. müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisədə məhsul istehsalını qadağan edən tələbnamə, iradnamə verilib, inzibati protokol tərtib olunub. Araşdırma zamanı müəssisənin nümayəndəsi Hüseynov Famil zakir oğlu tərəfindən dövlət müfəttişlərinə kobudluq göstərildiyinə və yoxlamaya aid sənədləri cırdığına görə protokol tərtib edilib, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi məqsədilə Lənkəran rayon prokurorluğuna təqdim olunub.

AzNews.az