Ziya Məmmədov işçilərə 15 gün vaxt verdi

7 Sentyabr 2012 13:38 (UTC+04:00)


Nəqliyyat naziri Ziya Məmmədov son vaxtlar baş verən yol-qəza hadisələrinin təhlili ilə bağlı müvafiq qurumların rəhbərlərinə 15 gün vaxt verib. Bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, avqustun 31-də Qaradağ rayonunda baş verən, xeyli sayda insan ölümü və xəsarət alması ilə nəticələnən, eləcə də digər yol-nəqliyyat hadisələrinin təkrarlanmaması üçün nazir tərəfindən Sərnişindaşıma nəqliyyat depatamentinə monitorinqlərin keçirilməsi tapşırılıb, avtobusları sənədsiz, həmçinin sürətlə idarə edən, nəzərdə tutulduğundan daha çox sərnişin daşıyan sürücülərə qarşı sərt tədbirlərin görülməsinin vacibliyi bildirilib.

AzNews.az-ın SalamNews-a istinadən verdiyi məlumata görə, N.Həsənov vurğulayıb ki, ağır qəzadan bir gün sonra, sentyabrın 1-də Z.Məmmədovun tapşırığı ilə ölkənin nəqliyyat sektorunda təhlükəsizliyin təmin olunmasının vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. Ümumiyyətlə, sentyabrın 15-dək bütün hesabatlar nazirə təqdim olunacaq və bu cür hadisələrin təhlilinin nəticələri barədə məlumat veriləcək.

Xatırladaq ki, Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07. 25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07-30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 nömrəli sərnişin avtobusu ilə toqquşub. Nəticədə 7 nəfər ölmüş və 47 sərnişin müxtəlif dərəcəli xəsarət almışdı.

AzNews.az