“Seçicilərim çox vaxt mənə “vızov” atır” – Millət vəkili

2 İyul 2014 09:31 (UTC+04:00)

"Qiymətlər çox yüksəkdir; "Azərcell"dən şikayət etmişəm"


AzNews.az-ın "Telefon" rublikasının qonağı olan Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadədir:

- Çingiz müəllim, mobil operatorların xidmətindən razısınızmı?

-Mobil operatorların xidməti məni heç vaxt qane etməyib. İlk olaraq deyə bilərəm ki, bu sahədə qiymətlər çox yüksəkdir. Dəfələrlə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edib ki, qiymətlər aşağı salınacaq. Amma çox təəssüf ki, hələ də bu baş verməyib. Eyni zamanda icazəsiz olaraq insanlara müəyyən ismarış göndərilir. Bu dəfələrlə narazılıq yaradıb və Milli Məclisin iclaslarında da əsas məsələ kimi qaldırılıb. Yenə də çox təəssüf ki, bunun qarşısı alınmır. Bu baxımdan bu cür hallara görə, operatorların fəaliyyətini qüsurlu adlandırıram və kəskin pisləyirəm.

-Mobil operatorların işində başqa hansı məqamlar sizi narahat edir?

-Əvvələr ölkə ərazisində normal işləyən mobil operator "Azercell" idi. Amma indi bu mobil operatorun abunəçisi kimi deyə bilərəm ki, danışan zaman tez-tez tutulmalar olur. Hesab edirəm ki, artıq "Azercell" liderlik şansını əldən vermək riski ilə üz-üzədir.
Ümumilikdə hesab edirəm ki, mobil operatorların danışıq qiyməti aşağı salınmalı, insanlara icazəsiz hər hansı bir formada ismarışlar göndərilməməlidir. Digər tərəfdən, son vaxtlar mobil operatorların abunəçilərinin sayı artdıqca ötürücülük qabiliyyəti də itirilir. Fikrimcə, mobil operatorlar ötürücülük qabiliyyətini yüksək tənzimləyən qurğuların alınmasına maraqlı olmadır.


- "Azercell" abunəçisi olaraq bu qurumun fəaliyyəti ilə bağlı rəsmi şikayət etmisinizmi?

-Belə şikayətim olub. Şikayəti rəsmi deputat sorğusu ilə 6-7 ay öncə "Azercell"ə göndərmişəm. Binəqədi rayonunda yaşadığım ərazidə telefonun tutumunu göstərən şkalalar sıfır həcmində idi və nəticədə evdə telefonla danışmaq mümkün deyildi. Bu cür hal bir neçə il əvvəl də olmuşdu və bunu şikayətim əsasında düzəltmişdilər. Bu dəfə isə bir neçə dəfə şikayət etməyimə baxmayaraq, heç bir tədbir görmədilər. Sonra məcbur qalıb deputat sorğusu ilə "Azercell"ə müraciət etdim və nəhayət ki problem aradan qaldırıldı. Fikirləşirəm ki, "Azercel"lin 100 minlərlə abonenti var. Onların hamısı millət vəkili və yaxud dövlət rəsmisi deyil. Hər bir vətəndaşın şikayətinə reaksiya verilməli olduğu halda "Azercell"ə rəsmi sorğu etməsəydim, problem öz həllini tapmayacaqdı.


-Mobil xidmətdən istifadəyə görə, nə qədər pul xərcləyirsiz?

- (Gülür) Bunu dəqiq deyə bilmərəm. Amma ən azı 300-400 manat xərcləyirəm. Elə aylar olur ki, telefon danışığına görə daha çox pul xərcləməli oluram. Son vaxtlar nədənsə seçicilərim də mənə "vızov" atırlar. Xarici ölkələrdə səfərdə olanda bu məbləğ 400 manatı ötür.


-Deputat həmkarlarınızın bir neçəsi bahalı mobil nömrələr işlədir. Sizin də nömrənizin az qıyməti yoxdur. Bu məsələyə necə baxırsız?

- Mən 1998-ci ildən 212-ilə başlayan mobil nömrəm olub. Bu nömrəmi indi də işlədirəm. Sizin bahalı hesab etdiyiniz 211-lə başlayan mobil nömrəmi isə Milli Məclisdə hədiyyə ediblər. Ona görə də daha çox bundan istifadə edirəm. Ümumiyyətcə məsələyə bu cür yanaşmanı düzgün hesab etmirəm. Kim necə istəyirsə, o cür də nömrə işlədə bilər.

Amid Əyyuboğlu
AzNews.az