O, həm hakimdir, həm də vəkil

2 İyul 2014 10:30 (UTC+04:00)
Faiq Balabəyli

Səməndər Rzayevin məşhur filmdə dediyi "ayə, ay camaat, bu kino ki var" monoloqu yadınızdadırmı?

Həmkarımız Elçin Zahiroğlunu tutdurmaqla uğraşan müğənni Mətanət İsgəndərlinin iddiası üzrə keçirilən məhkəmədən xəbər tutanda hakim haqqında ağlıma gələn ilk fikir o oldu ki, Nərimanov Məhkəməsinin bu tanınmış (artıq tanınır!) siması Turqay Hüseynov həm hakimdir, həm də vəkil! Yəni adam bir sənətdə bir çox zadları – peşələri calaq edib və bir ilkə imza atıb.

Rəhmətlik Tofiq Bəhramov dövrünün böyük hakimlərindən idi. Ədalətli qərarına görə ona gümüş fit vermişdilər. Keçmiş SSRİ Tofiq Bəhramovla fəxr edirdi. İndi SSRİ kiçilib, parçalanıb, amma yenə də biz Tofiq Bəhramovla fəxr edirik. Elə ruslar da fəxr edir. Düzdür, onlar rəhmətliyi azərbaycanlı hakim kimi deyil, Sovet futbol məktəbinin yetirməsi olan Bəhramov kimi xatırlayır və yada salırlar.

Nərimanov Məhkəməsinin hakimi də inqilabi yeniliyə imza atıb, hakimlik etdiyi növbəti oyunda.., üzr istəyirəm, məhkəmə gedişində necə şövqə gəlibsə, müdafiədə oynamağa başlayıb. Başqa sözlə, köhnə peşəsinin təsiri ilə vəkilliklə hakiliyin qarışığından ibarət bir yeni növ peşə yaradıb.

Adam axı uzun müddət vəkillik edib, müdafiədə olub. 1985-1987-ci illərdə gənc hüquqşünas kimi Turqay Hüseynov Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsinin Statistika şöbəsində məsləhətçi, sonra Hüquq təbliği və vətəndaşların hüquq tərbiyəsi şöbəsinin böyük məsləhətçisi, sonra Vəkillər Kollegiyasının Ucar Rayon Hüquq Məsləhətxanasında və Bakı şəhər 7 saylı Hüquq Məsləhətxanasında vəkil, daha sonra "ASİNA" Assosiasiyasının hüquq şöbəsində hüquqşünas, lap sonra "ASİNA" Assosiasiyasının hüquq məsələləri üzrə müdir müavini, daha-lap sonra "ASAN" Azərbaycan-Türkiyə Müştərək Şirkətində hüquq məsələləri üzrə baş müdirin birinci müavini... işləyib.

Adamın karyerası başdan-başa vəkilliklə bağlı və 2007–ci ildən Nərimanov Məhkəməsinin hakimi olduğunun hələ də fərqinə vara bilmir, vəkilliyinə davam edir: axı, vəkillərin pul aldığı tərəfi müdafiə etməsi və yaxud müdafiə etdiyi tərəfdən pul alması qayət normal bir haldır və bu, şərəfli vəkil peşəsinin qanuni qazanc yoludur. Hakim isə qanunsuzluq edə bilməz və yəqin buna görədir ki, Turqay Hüseynov keçmiş peşəsini hakimliklə paralel davam etdirir. Bir əmması var ki, əvvəl hakim başqa olurdu, o, vəkillik edirdi: amma indi hakim də özüdür, vəkil də!

Hakim Tofiq Bəhramova "inqilabi diqqətinə" görə gümüş fit vermişdilər. Neçə gündür düşünürəm, bu böyüklükdə peşələri calaq edən hakimə nə verək?

Axar.az