Tanınmış rejissor nazirlə göruşündən danışdı

4 İyul 2014 12:53 (UTC+04:00)
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında rejissor Rövşən Almuradlı ilə görüşdüyünü və onunla fikir mübadiləsi apardığını deyib. Nazir əlavə edib ki, Rövşən Almuradlı ilə aparılan fikir mübadiləsinin nəticəsi olacaq.

AzNews.az-ın əməkdaşı bu görüşlə bağlı Rövşən Almuradlının təəssüratlarını öyrənib. Rejissor görüşü yüksək qiymətləndirib: "Cənab Əbülfəs Qarayevin qəbulunda oldum. Bu görüş çox konstruktiv və anlamlı şəkildə keçdi. Cənab nazir mənim yaradıcılıq problemlərimə olduqca diqqətlə yanaşdı".

R.Almuradlı onu da bildirib ki, nazirə çatdırdığı problemlərin tez bir zamanda öz həllini tapacağına ümid edir: "Biz Azərbaycan teatrının bugünkü problemləri, yaradıcı heyətin qarşılaşdığı çətinliklər barədə müzakirələr apardıq. Mən bəzi məsələləri onun diqqətinə çatdırdım. Cənab nazirin diqqət və səmimiyyətinə inandığım üçün əminəm ki , tezliklə qeyd etdiyim problemlər aradan qaldırılacaq və bu, Azərbaycan teatr sənətinin inkişafına xeyli təsir edəcək".

Qeyd edək ki, Rövşən Almuradlı son zamanlar mətbuata teatrlardakı çatışmazlıqlar bağlı açıqlamalar verirdi.


Bahar Rüstəmli
AzNews.az