ŞOK! Bəzi bölgələrdə qız uşaqları doğulandan sonra öldürülür- Araşdırma

9 Sentyabr 2012 11:00 (UTC+04:00)


Azərbaycanda abortun ləğv edilməsi məsələsi müzakirə mövzusu olaraq qalır. Bir müddət əvvəl abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və "Sağlamlığın qorunması haqında" qanunda öz əksini tapa biləcəyi qeyd olunurdu, ancaq məsələ Milli Məclisdə birinci oxunuşdan keçmədi.

Qeyd edək ki, Azərbaycan ailələri mentalitetə uyğun olaraq oğlan uşağına önəm verir. Ona görə də, ultrasəs müayinəsilə yoxlama aparmaqla qız uşaqlarından "canlarını qurtara" bilirlər.

Bu tendensiya ölkədə böyük bir rəqəm təşkil edir. Ancaq bir çox məsələlər kimi abort və onun qanunla qadağan edilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bir qrup şəxs abortu vəhşilik, insanın öldürülməsi hesab etdiyindən qanunla qadağasını mütləq sayır, digər bir qrup isə bu qadağanın vətəndaş hüququna zidd olduğunu bildirir. Hesab olunur ki, Azərbaycan təcrübəsi qadının bu məsələdə daha üstün mövqeyə sahib olmasına imkan verir.

Hər il ölkəmizdə 100 mindən çox abort həyata keçirilir

Ancaq bütün hallarda ölkəmizdə abortla bağlı vəziyyətin kritik olduğunu söyləmək olar. Çünki Azərbaycanda abortların sayı dünyada ən yüksək göstəricilərdəndir. Rəsmi məlumatlara görə, hər il ölkəmizdə 30 minə yaxın abort əməliyyatı aparılır. Bu rəqəm hələ abortların qeydiyyata alınmış hissəsidir. Qeyri-rəsmi məlumatlara görə isə, ölkədə abortların illik sayı 100 mindən yuxarıdır.
Bu sırada öz istəyi ilə abort etdirən qadınlar da var, ailəsinin və ya həyat yoldaşının məcburiyyəti ilə bunu həyata keçirənlər də. Qeyd edək ki, abort etdirənlər arasında başqası ilə cinsi əlaqədə olan və ya zorlanan məktəbyaşlı qızların sayı getdikcə artır.

Abort hallarının artması qismən uşağın cinsi səbəbindən abortun edilməsi, cinsi və reproduktiv sağlamlıq mövzusunda maariflənmə və məlumatlandırma
proqramlarının çatışmazlığı ilə əlaqələndirilir.

"Kənd qəbiristanlıqları qız uşaqlarının qəbirləri ilə doludur"

İnsan Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri, ictimai vəkil Aynur İmranova həm abortun qadağan edilməsini, həm də qadının aborta məcbur edilməsini onun hüquqlarının pozulması kimi qiymətləndirir: "Bu, tamamilə qadının ixtiyarına buraxılmalı bir məsələdir. Azərbaycanda daha çox cinsiyyətin müəyyən edilməsiylə - övladın qız olduğu məlum olandan sonra abortlar baş verir. Ancaq onsuz da abort olunmasa belə, bəzi bölgələrimizdə qız uşaqları doğulandan sonra onları öldürürlər".

A. İmranovanın sözlərinə görə, qadın hüquqları ilə bağlı regionlarda apardıqları araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda bir neçə kənddə qəbiristanlıqlar uşaq qəbirləri ilə doludur: "Belə ki, xəstəxanalarda və ya evlərdə uşaq qız doğulursa, onu elə doğulan kimi də öldürürlər.

Bunu rəsmi şəkildə sübut eləmək mümkün olmadı, ancaq belə faktların olması dəqiqdir. Bu məsələnin həlli yolu kimi abortun qadağan edilməsi tamamilə yolverilməzdir. Burada mütləq qadınların maarifləndirmə işlərini gücləndirmək lazımdır. Bunu xüsusən də əyalətlərdə başlamaq lazımdır. Təhsilini yarımçıq qoyan qız uşaqları yenidən təhsilə cəlb olunmalıdır".

"QHT-lər dövlətin problem üçün ayrıdığı pulları mənimsəyir"

Həmsöhbətimizin fikrincə, burada hər şey ilk növbədə, qadının həyata baxışından, təhsilindən asılıdır: "Qadın öz ayaqları üzərində dura bilmirsə, bunu qanunla heç cür tənzimləmək olmaz. Bu yalnız və yalnız təhsil və maarifləndirmə işləri ilə həll olunacaq məsələdir. Hesab edirəm ki, burada Qeyri Hökumət Təşkilatlarının (QHT) üzərinə böyük iş düşür".

Ancaq ölkəmizdə bu sahə ilə bağlı aparılan maarifləndirmə işləri heç də öz müsbət təsirini göstərmir: "QHT-lərin çoxu müəyyən hüquqi mövzuların işlənməsi üçün qrant alarkən o pulların çoxu "yeyilir". Yəni lazımi məqsəd istiqamətində sərf edilmir".

"Məsələnin həlli yolu təhsil və maarıfləndirmədir"

Müsahibimiz düşünür ki, bu məsələ ilə birbaşa dövlət özü məşğul olmalıdır: "Dövlət özü qeyri-hökumət sektorunu yönəltməlidir ki, o qadınlarla hər bölgədə, kənddə, məktəbdə, hər bir dövlət müəssisəsində, hər iş yerində, hətta hər evdə bununla bağlı təbliğatlar aparılsın.

Çünki bilirik ki, son 16-17 ildə cəmiyyətdə çox ciddi deformasiya, dağılma gedir. Həm mədəni, həm də təhsil səviyyəsi baxımından. İnsanların sosial statusu düşdükcə, onların mədəni və təhsil səviyyələri də düşür. Bölgələrdə qadınların təhsildən yayınma, erkən nikah, onların həm mənəvi, həm də fiziki cəhətdən istismarı, zorakılığa məruz qalma problemləri var.

Bütün bunların hamısının aradan qaldırılması üçün qadınların statusunun qaldırılması lazımdır. Burda da dövlət birbaşa dövriyyəyə qoşulmalıdır. Qadınlar üçün iş yerləri açılmalıdır ki, ən azından qadın ailə-məişət problemlərindən kənara çıxa, problemlərini insanlarla bölüşə bilsin".

"Azərbaycandakı abortların əksəriyyəti kriminal abortlardır"

Bu məsələdə qanunla qadağanın labüdlüyü həm də abortun qadınlarda yaratdığı sağlamlıq və psixoloji problemlərdən doğur. Çünki ölkəmizdə abortlar əsasən tibbi yoxlanış aparılmadan və icazəsiz şəkildə həyata keçirilir ki, bunun da yaratdığı fəsadlar danılmazdır. Tibbi elmlər doktoru Adil Qeybulla abort üçün ilk növbədə, tibbi göstərişlərin verilməli olduğunu vurğulayır: "Qeydiyyata salınmadan və tibbi göstəriş olmadan həyata keçirilən abortlar hamısı kriminal abortlardır. Təəssüflər olsun ki, Azərbaycanda həyata keçirilən abortların əksəriyyəti kriminal abortlardır. Bu da bir sıra problemlərə gətirib çıxarır".

Tibbi ekspert bildirir ki, abortun lazımi səviyyədə həyata keçirilməməsi qadında sonsuzluq, dölsüzlük yaradır, ona müxtəlif infeksiyalar keçə və digər problemlər də əmələ gətirə bilər: "Ümumiyyətlə, abort hamiləliyin birdən sona çatdırılmasıdır. Buna görə də, orqanizmdə xeyli hormonal dəyişikliklər baş verə bilər. Bu, qətiyyən məqsədə uyğun deyil. Abort ana ilə uşağın konfliktləri zamanı bunun həll olunması mümkün deyilsə, uşaq doğulduqdan sonra onda müəyyən anomaliyalar əmələ gələ bilərsə, döldaxili xəstəliklər yaranarsa, talasemmiyanın əlamətləri olarsa və digər uşağın doğulmaması məsləhət bilindiyi hallarda həyata keçirilə bilər. Amma Azərbaycanda aparılan abortların əksəriyyəti ya uşağın cinsiyyətinə görə, yaxud da ki, bu arzuolunmaz hamiləlik olduqda aparılır. Bu məsələlər indiyədək öz həllini tapmayıb".

"Mən ölkəmizdə hansısa məsələnin qanunla həll edildiyini görməmişəm"

Məsələnin qanuniləşdirilməsinə gəldikdə A. Qeybulla hesab edir ki, abort vətəndaşın öz işidir, bunu qanunla qadağan etmək olmaz: "Həm də inanmıram ki, bu, problemin həllinə kömək etsin. Çünki istənilən halda kriminal abortlar qanunla təqib olunur, ancaq yenə də həyata keçirilir. Bu, daha çox təbliğat vasitəsinə çevrilməlidir. KİV maarifləndirmə işləri aparmalıdır. Həm mədəni səviyyə var, həm də arzuolunmayan hamiləliyin qarşısının alınması məsələsi var. Qadınlar hamiləlikdən qorunma vasitələrindən xəbərdar olmalıdırlar. Bu problemlər həllini tapdıqca abortların xüsusi çəkisi də azalmış olacaq". O bildirir ki, qanunla qadağa məsələnin həlli deyil: "Mən görməmişəm ki, ölkədə hansısa inzibati yolla problem həll olunsun. Dünyada belə müəyyən hallar üçün ölüm cəzası olanda da cinayətlər davam eləyirdi. Eyni zamanda, qanun da bur cürdür. Daha çox problemə gətirən səbəbləri aradan qaldırmaq lazımdır".

Azərbaycanda qız uşaqlarının məhvi hələ çoxmu davam edəcək?

Qeyd etdiyimiz kimi, ölkəmizdə hamiləliyə son verilməsi halları əksər hallarda cinsiyyətin müəyyənləşdirilməsindən sonra həyata keçirilir. Buna görə də, son illərdə Azərbaycanda oğlan uşaqlarının sayında artım, qızların sayında isə kəskin azalma müşahidə olunması ölkə genefonduna qarşı təhlükə kimi qiymətləndirilir. Qanunla bu məsələnin də tənzimlənəcəyi gözlənilirdi. Ancaq Azərbaycanda dölün cinsiyyətinin müəyyən olunmasının qadağan edilməsi "Ailə planlanması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsində nəzərdə tutulsa da, layihənin müzakirəsinin dəqiq vaxtı məlum deyil. Milli Məclisin Sosial-Siyasət daimi Komitəsində hazırlanan qanun layihəsi cəmiyyət tərəfindən böyük maraqla gözlənsə də, parlamentin payız sessiyasının gündəliyi hələ tam müəyyən edilməyib. Millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, hamiləlik zamanı cinsiyyətin təyin olunmasına ciddi nəzarət olunmalıdır: "Bu məsələ ciddi nəzarət altında saxlanmalıdır. Məhz buna görə də, qanun layihəsinə daxil edilib".

Məsələ ilə bağlı abort həyata keçirilən tibbi klinikalardan da məlumat əldə etmək istədik. Ancaq həkimlər bu barədə danışmaqdan çəkindilər.

Sevinc Fədai
AzNews.az